...

Zərdab rayon İcra Hakimiyyəti yayılan bəzi məlumatları əsassız sayır

Siyasət Materials 1 Noyabr 2011 17:10 (UTC +04:00)
Zərdab rayon İcra Hakimiyyəti müxtəlif kütləvi informasiya vasitələrində rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı həqiqətəuyğun olmayan, qeyri-ciddi, böhtan və şantaj xarakterli yazıları əsassız sayır.
Zərdab rayon İcra Hakimiyyəti yayılan bəzi məlumatları əsassız sayır

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Zərdab rayon İcra Hakimiyyəti müxtəlif kütləvi informasiya vasitələrində rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı həqiqətəuyğun olmayan, qeyri-ciddi, böhtan və şantaj xarakterli yazıları əsassız sayır.

Trend-in məlumatına görə, Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsi bildirir ki, son vaxtlar respublikanın müxtəlif kütləvi informasiya vasitələrində rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı həqiqətəuyğun olmayan, qeyri-ciddi, böhtan və şantaj xarakterli yazılar dərc olunur.

"Bir daha bəyan edirik ki, heç bir etik normalara sığmayan, reallıqdan çox-çox kənar, rayonda görülən işlərə, rayon rəhbərinin nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu yazılar yalandır və bütün bunları təkzib edirik. Son illər ölkəmizin hər yerində olduğu kimi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci və ikinci Dövlət Proqramları çərçivəsində və dövlət büdcəsindən ayrılan vəsait hesabına Zərdab rayonunda da analoqu olmayan işlər görülür", - məlumatda qeyd olunub.

Məlumata görə, son illər Zərdab rayonu sosial mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib.

"Küçələrə 110 min kvadratmetr təzə asfalt örtüyü döşənib, Türkiyədən gətirilmiş 6 və 9 metr hündürlüyündə yeni elektrik dirəkləri quraşdırılıb, kommunal binaların dam örtükləri təzələnib, Heydər Əliyev parkı və prospekti yenidən qurulub. 2010-cu ilin təbii fəlakətindən ziyan çəkən ailələr üçün "32 hektar" adlanan ərazidə yeni fərdi yaşayış evləri tikilib. Hazırda bu iş davam etdirilir. Kür çayı sahilləri boyunca 60,2 km məsafədə yüksək bənd bərkitmə işləri yerinə yetirilib. Son 4 ildə 7 məktəb binası tikilib, hazırda 3 məktəbin tikintisi davam etdirilir. 18 inzibati ərazidə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Rayonda ilk dəfə Seysmoloji Stansiya tikilib", - məlumatda bildirilib.

İnsanların uzun illər arzusunda olduqları Zərdab-Otmanoba yolu 2010-cu ildə asfaltlanıb, kəndlərə qaz xəttinin çəkilişi isə bu gün də davam etdirilir. 14 nəfər Qarabağ əlili üçün fərdi ev tikilib, şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış evi istifadəyə verilib.

Şəhərin su və kanalizasiya xətlərinin tikintisinin bu ilin 4 oktyabr tarixində təməli qoyulub.

Türkiyədə istehsal olunmuş elektron giriş qapısı, ümummilli liderin ilk dəfə hakimiyyətə gəlməsinin 42-ci ildönümü münasibətilə ucaldılan 42 metr hündürlüyündə Dövlət bayrağı və Bayraq meydanı şəhərə xüsusi gözəllik verir.

Ölkə Prezidenti İlham Əliyev 2011-ci il mayın 6-da Zərdab rayonunda olub, görülən işlərdən razılığını bildirib, dövlət başçısının müvafiq sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə 2 milyon manat vəsait ayrılıb.

Hazırda ayrılmış vəsait hesabına tikinti-quruculuq işləri yüksək sürətlə davam etdirilir.

Bu gün rayon ərazisində ucaldılmış möhtəşəm Heydər Əliyev mərkəzi, Veteranlar evi, Gənclər mərkəzi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Yaradıcılıq evi açılışa tam hazırdır.

Rayon Yanğından Mühafizə Şöbəsinin, Baytarlıq İdarəsinin, "32 hektar" adlanan ərazidə, Pərvanlı və Lələağacı kəndlərində məktəb binalarının, Şəftəhal kəndində tibb məntəqəsinin, Çallı kəndində doğum palatasının, Qoruqbağı kəndində uşaq bağçasının tikintisi üzrə işlər də davam etdirilir.

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu məqsədlə əkin sahələrini bol su ilə təmin etmək üçün Şəftəhal, Alıcanlı, Körpükənd, Bıçaqçı və digər çoxsaylı kəndlərdə daha məhsuldar yeni nasos stansiyalar quraşdırılıb.

Rayonda görülən bütün abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdar olan zərdablılar hazırda daha yüksək amallar uğrunda əzmlə çalışırlar.

Rayondakı sağlam və işgüzar şərait, mütəşəkkillik, yüksək nizam-intizam 2011-ci ilin də Zərdab və zərdablılar üçün uğurlu olacağından xəbər verir.

Xəbər lenti

Xəbər lenti