Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir E.Mehdiyev/
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair Yaddaş Kitabçası" hazırlayaraq çap edib.
MSK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb.
Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər noyabrın 30-da keçiriləcək.
Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəkləri tədbirlər barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, "Polis haqqında" qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Bundan öncə Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar namizədlər və müşahidəçilər üçün də yaddaş kitabçası çap etdirib.