...

İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 18 Noyabr 2011 13:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olub
İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olub (FOTO)

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olmuşdur.

Trend-in məlumatına görə, dövlətimizin başçısını salamlayan məscidin axundu dedi:

-Xoş gəlmisiniz, cənab Prezident. Sizi Allahın adı ilə salamlayıram. Möhtərəm Prezident, gözəl şəhərimizdə belə bir məscidin tikintisi üçün göstəriş verdiyinizə görə bütün Qəbələ camaatı, bütün Qəbələ dindarları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Hörmətli Prezident, müqəddəs kitabımız olan bu "Qurani- Kərim"i bizdən qəbul etməyinizi xahiş edirik.

Məscidin axundu milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərən dövlətimizin başçısına müqəddəs "Qurani-Kərim" hədiyyə etdi.

Prezident İlham Əliyev məscidin gələcək görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılmış, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər davam etdirilir.

Azərbaycan Prezidentinə məscidin ərazisində aparılan abadlıq işləri barədə də məlumat verildi.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da əsas işlər görülmüşdür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaqdır.

Azərbaycan Prezidenti tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla aparılmasına dair tapşırıqlarını verdi.

Milli Məclisin deputatı Fəttah Heydərov dedi: Bu cür məscidlər inşa olunub və olunur. Bunun sayı-hesabı yoxdur.

Prezident İlham Əliyev: Bəli. Həm inşa, həm bərpa olunur.

Fəttah Heydərov: Hər birinin həm memarlığına, həm də quruluşuna diqqət yetirirsiniz.
Prezident İlham Əliyev: Bakıda da məscidlər tikilib, bərpa olunub. Misal üçün, Təzəpir məscidi, Bibiheybət məscidi. Azərbaycanın ən qədim məscidi Şamaxı məscididir. Vaxtilə ermənilər Şamaxını dağıtmış, məscidi yandırmışdılar, amma axıra qədər dağıda bilməmişdilər.

Fəttah Heydərov: Torpağın altında qalmışdı. Bir balaca hissəsi görünürdü. İndi orada böyük kompleks yaradılmışdır.

Prezident İlham Əliyev: Mən birinci dəfə Şamaxıda bu məscidi görəndə dedim ki, biz bunu mütləq bərpa etməliyik. Özü də necə bərpa?! Biz onu yenidən qururuq. Onun tarixi hissəsi, tarixi divarları qalır, yeni minarələr ucaldılır. Ən hündür minarələr orada olacaqdır. Bir də ki o tarixdir. O məscid 700-cü illərdə tikilibdir.

Fəttah Heydərov: Milli mənəvi dəyərlərə bu cür diqqət və qayğıya görə insanlar hər yerdə Sizə minnətdarlıqlarını bildirirlər. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Özü də bax belə, bu səviyyədə tikmək lazımdır - zövqlə, keyfiyyətlə, şəhər memarlığına, şəhərsalma qaydalarına uyğun şəkildə. Yerli icra orqanlarının razılığı ilə, qanuni şəkildə yerlər ayrılmalıdır. Belə gözəl əsərlər dini və memarlıq abidəsi kimi əbədi olaraq qalacaqdır.

Fəttah Heydərov: Çox sağ olun. Mən bu rayondan Milli Məclisin deputatıyam. İnanın, insanlar Sizə çox minnətdarlıq edirlər. Çünki mənəvi ehtiyacları ödəmək üçün bura bir ocaqdır. Bu, azərbaycançılıq ideyasına xidmət edir.

Prezident İlham Əliyev: Gəncədə İmamzadə dini-tarixi kompleksi yenidən qurulur. Bilirsiniz ki, o da qədim ibadət yeridir. O da tamamilə yenidən qurulur. Gözəl, möhtəşəm bir yer, dini mərkəz olacaqdır. Axundun geyimi də mənim xoşuma gəlir. Mən bu barədə şeyx həzrətlərinə də demişəm ki, bizim din xadimlərinin geyimləri də gözəl olmalıdır, əlbəttə ki, bizim bütün dinimizə xas olan ənənələri qorumaq şərtilə.

Axund: Cənab Prezident, biz də çox minnətdarıq. Çox məmnunuq ki, mənəvi dəyərlərimiz olan ibadət ocaqlarımız, məscidlərimiz hər zaman Prezidentimizin diqqət mərkəzindədir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Xəbər lenti

Xəbər lenti