Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir T.Cəfərov/
Bu gün Tehran Universitetinin tələbələri Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı Britaniyanın və İsrailin bayraqları yandırılıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, aksiya iştirakçıları Britaniyanın və Qərb ölkələrinin İrana qarşı yürütdüyü siyasəti pisləyiblər.
"Fars" agentliyinin məlumatına əsasən, aksiya iştirakçıları Böyük Britaniya səfirliyinin ərazisinə girərək, bu ölkənin bayrağını endirib yerinə İran bayrağını asıblar.
Bir müddət əvvəl İran parlamenti Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılması haqqında qanun qəbul edib. Parlamentarilərin əksəriyyəti iki həftə ərzində Britaniya səfirinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər.
Britaniya bu ayın əvvəlində İrana qarşı sanksiyalar elan etmişdi.