...

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında seçkilər keçirilib

Siyasət Materials 15 Dekabr 2011 18:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının IX konfransı keçirilib.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında seçkilər keçirilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının IX konfransı keçirilib.

Trend-in cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytna istinadən yaydığı məlumata görə, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans zamanı Aydın Hüseynov yenidən YAP Qaradağ rayon təşkilatının sədri seçilib. Həmçinin, rayon təşkilatının digər strukturlarına da seçkilər keçirilib.

Gündəlik elan olunandan və təsdiqlənəndən sonra hesabat məruzəsi ilə çıxış edən Aydın Hüseynov VIII konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.

Hüseynov Trend-ə açıqlamasında bildirib ki, 63 nəfərdən ibarət rayon şurası, 19 nəfərdən ibarət idarə heyəti və 11 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.

Qaradağ rayon təşkilatının qarşısında duran ən başlıca vəzifələrdən danışan Aydın Hüseynov bildirib ki, rayon təşkilatları Yeni Azərbaycan Partiyasının yerli bir təşkilatı olaraq partiyanın nizamnaməsinə uyğun fəaliyyət göstərir və ölkə Prezidenti, partiyanın sədri İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn məsələlər qarşıya bir məqsəd kimi qoyulub.

O qeyd edib ki, rayon təşkilatının fəaliyyətinin demək olar ki, 90 faizi seçkilərlə bağlıdır.

"Ümumiyyətlə, bir siyasi partiya olaraq bizim daimi məqsədimiz seçkilərdə qalib gəlməkdir. YAP seçkidən seçkiyə öz seçki texnologiyasını püxtələşdirir və hər bir seçkidə dövrə, irəli sürdüyü namizədin təbliğatına uyğun olaraq öz seçki texnologiyasını ortaya qoyur. Bu seçki texnologiyasında şəffaflıq, demokratiklik əsas rol oynayır", - Hüseynov qeyd edib.

Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzə ətrafındakı çıxışlarda ötən konfransdan sonra görülmüş işlər təhlil edilib, rayon partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib, təşkilatın qətnaməsi qəbul olunub.

Konfransda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları çıxış edərək, ölkəmizdə müxtəlif sahələrdə aparılan quruculuq işlərindən danışıblar.

Xəbər lenti

Xəbər lenti