Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir M.Əliyev/
"Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində bir çox işlər görülüb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı layihənin yekun konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
"Bunlardan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu artıq qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi dekabrın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, Rəqabət Məcəlləsi üzrə işlər isə davam edir", - Aparat rəhbəri deyib.
Mirzəyev qeyd edib ki, "Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi 2009-cu ilin sentyabr ayından həyata keçirilir və bu layihə 280 tvinninq layihələrinin içində demokratik inkişafa gətirən ən öncül layihə hesab olunur.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan ictimaiyyətinin Avropa İttifaqı barədə məlumatlandırılması istiqamətində də işlər görülüb. Onun sözlərinə görə, bununla bağlı müvafiq internet saytı yaradılıb və kifayət qədər uğurla fəaliyyət göstərib.
Tədbirdə Litva Seymi Aparatının rəhbərinin müavini, tvinninq layihəsinin rəhbəri Qedeminas Aleksonis bildirib ki, iki ildən çox davam edən layihə çərçivəsində Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb.
"Layihənin digər uğuru da Avropa parlamentarilərinin Azərbaycanı daha yaxından tanıması oldu", - o deyib.
Aleksonisin sözlərinə görə, bu müddət ərzində keçirilən 60-a yaxın birgə tədbirdə 7 Avropa ölkəsinin ekspertləri və parlamentariləri iştirak edib.