Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları parlamentə özlərinin deputat toxunulmazlığından imtina etmələri ilə bağlı ərizə təqdim ediblər. Bu barədə çərşənbə günü Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.
Deputatların bu addımı partiya lideri Kamal Kılıçdaroğluya dəstək ifadə edir. Kılıçdaroğlu çərşənbə axşamı hərbi çevrilişə cəhd haqqında iş üzrə istintaqa qarışmağa cəhdə görə prokurorluğun onu toxunulmazlıqdan məhrum etmək tələbinə etiraz əlaməti olaraq toxunulmazlıq hüququndan imtina edib.
Kılıçdaroğlu Türkiyənin aparıcı müxalifət partiyasının - CHP-nin lideridir. Türkiyədə 2011-ci ilin iyununda keçirilən parlament seçkilərində CHP seçicilərin səsinin 25,94 faizini toplayaraq parlamentdə 135 yer qazanmışdı.
İqtidaryönlü "Taraf" qəzeti iddia edir ki, 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri hökumətin devrilməsi məqsədi ilə "Balyoz" ("Gürz") planı hazırlayıb.
Həmin plana görə, ordu hökuməti İstanbulun Fatih Camisi və Bəyazid məscidlərində elə hərbçilərin özləri tərəfindən törədiləcək partlayışlardan, Hərbi Muzeyə hücumdan və Türkiyənin bir neçə qırıcı təyyarəsinin məhv edilməsi nəticəsində ölkədə yaranacaq qarışıqlıqdan sonra devirmək fikrində olub. Çevrilişdən sonra kütləvi həbslər başlamalı idi. Qəzetin yazdığına görə, hələ 2002-2003-cü illərdə tərtib olunmuş plana sabiq general Çetin Doğan imza atıb.
Qəzet yazır ki, sənədin müəllifləri "Ergenekon" planında iştirakda da şübhəli bilinən yüksək çinli hərbçilər olublar. Bu plan da hökuməti devirmək məqsədi daşıyıb. Həmin plana 200-ə yaxın siyasətçi, jurnalist, hüquqşünas, yüksək çinli hərbçi və polis cəlb olunub.