...

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinin uşaq hüquqları ilə bağlı hesabatlarına baxış keçirib

Siyasət Materials 18 Yanvar 2012 20:34 (UTC +04:00)
Cenevrə şəhərində BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan hökumətinin Uşaq Hüquqları Konvensiyası üzrə 3-4-cü dövri hesabatları, Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası və Uşaq Hüquqları Konvensiyası üzrə Uşaqların silahlı münaqişələrə cəlb edilməsi üzrə əlavə protokollarla bağlı ilkin hesabatlarına baxış keçirilib.
BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinin uşaq hüquqları ilə bağlı hesabatlarına baxış keçirib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 17-18-də Cenevrə şəhərində BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan hökumətinin Uşaq Hüquqları Konvensiyası üzrə 3-4-cü dövri hesabatları, Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası və Uşaq Hüquqları Konvensiyası üzrə Uşaqların silahlı münaqişələrə cəlb edilməsi üzrə əlavə protokollarla bağlı ilkin hesabatlarına baxış keçirilib.

Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə yaradılmış nümayəndə heyəti təmsil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Murad Nəcəfbəyli, Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov, təhsil nazirinin müavini Qulu Novruzov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev və Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Ramin Həsənov daxil olub.

Tədbirin əvvəlində Hüseynova Azərbaycan hökuməti tərəfindən insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində, o cümlədən uşaq hüquqlarının təmin edilməsi üzrə həyata keçirilən son islahatlar, onların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, qanunvericilik sahəsində görülməkdə olan tədbirlər haqqında ətraflı məlumat verib. O, bu xüsusda, Azərbaycan Prezidentinin sərəncamı ilə 27 dekabr 2011-ci il tarixində təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını xüsusi olaraq qeyd edib.

Eyni zamanda, nümayəndə heyətinin rəhbəri çıxışında Azərbaycan Respublikasının qoşulduğu sözügedən beynəlxalq sənədlərin həyata keçirilməsi istiqamətində Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilmiş layihələri xüsusilə vurğulayıb. Hüseynova çıxışında, həmçinin Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və onun ağır fəsadlarına toxunaraq, münaqişə nəticəsində minlərlə azərbaycanlı uşağın hüquqlarının pozulduğunu və onların bu günə kimi qaçqın və məcburi köçkün şəraitində yaşadığını bildirib. Yalnız 2011-ci il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 2 azərbaycanlı uşaq - 9 yaşlı Fariz Bədəlov və 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilib. Bu xüsusda, Azərbaycan tərəfi komitə üzvlərindən bu ağır cinayət hallarına münasibət bildirilməsini xahiş edib.

Daha sonra tədbir interaktiv dialoq formatında keçirilib və Azərbaycan Respublikasının nümayəndə heyəti komitə üzvləri tərəfindən sözügedən sahə üzrə qaldırılmış bütün suallara təfsilatlı cavab verib.

Tədbirin sonunda komitə üzvləri Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş təfsilatlı cavablara görə təşəkkürlərini ifadə edib, Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində həyata keçirilmiş tədbirləri təqdir edib və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını xüsusi olaraq qeyd ediblər.

Eyni zamanda, nümayəndə heyəti Cenevrəyə işgüzar səfəri çərçivəsində yanvarın 16-da YUNİSEF-in MDB və Şərqi Avropa ölkələri üzrə regional direktoru S.Allen və onun müavini K.Madi ilə görüş keçirib. Görüşdə tərəflər arasında mövcud olan uğurlu ikitərəfli münasibətlər haqqında müzakirələr keçirilib.

Xəbər lenti

Xəbər lenti