Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan zabitləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci il üçün Fərdi Tərəfdalıq üzrə Əməkdaşlıq Planının (FTP) müzakirəsi məqsədilə fevralın 13-də Brüsseldə ekspert-qərargah görüşü keçiriləcək.
Hərbiçilərimiz fevralın 6-10-da Türkiyədə terrorizmlə mübarizənin hüquqi aspektləri mövzusunda kurslarda iştirak edəcəklər.
Fevralın 7-9-da isə Litvada NATO təliminin sinxronlaşma konfransı keçiriləcək.
Azərbaycan-ABŞ iş planına əsasən, bu il fevralın 8-dən gələn il fevralın 1-dək hərbiçilərimiz ABŞ-da keçirilən piyada kapitanları kursuna qatılacaqlar.
Fevralın 9-10-da isə Almaniyada Azərbaycan - ABŞ işçi qrupunun növbəti iclası keçiriləcək.
Bu il fevralın 15-dən oktyabrın 16-dək hərbiçilərimiz ABŞ-da Səhra artilleriya təməl lider zabit kursunda iştirak edəcəklər.
Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən, hərbiçilərmiz fevralın 13-dən aprelin 9-dək Türkiyədə partlayıcı maddələrin aşkarlanması kursunda iştirak edəcəklər.
13-24 fevralda isə hərbiçilərimiz Çexiyada Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, çoxmillətli sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursuna qatılacaqlar.