...

Azərbaycan Parlamentindən İranın notasına kəskin etiraz

Siyasət Materials 14 Fevral 2012 13:22 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri parlamentin çərşənbə axşamı keçirilən iclasında İranın bu günlərdə Azərbaycana təqdim etdiyi notaya münasibət bildiriblər.
Azərbaycan Parlamentindən İranın notasına kəskin etiraz

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın millət vəkilləri parlamentin çərşənbə axşamı keçirilən iclasında İranın bu günlərdə Azərbaycana təqdim etdiyi notaya münasibət bildiriblər.

Millət vəkili Qənirə Paşayeva iclasda çıxışında bildirib ki, Azərbaycan ən ağır dövrlərində belə İranın dəstəyini hiss etməyib.

"İran daima Ermənistanı dəstəkləyib. Əgər vaxtilə İran Ermənistanla sərhədləri bağlasaydı, bəlkə də Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. İran hər zaman Ermənistanı dəstəkləyib və bu gün də İranın ən çox iqtisadi əlaqələri Ermənistanladır", - o deyib.

Paşayeva bildirib ki, İranda "Səhər" kanalı yaradıblar və bu kanal gün ərzində Azərbaycana qarşı təxribat xarakterli verilişlər yayır.

Deputat hesab edir ki, bu telekanalı İran hökuməti dəstəkləyir.

"İran rəsmilərinə çağırış edirik ki, gözlərini açıb yaxşı baxsınlar və normal qonşu olan Azərbaycanı düşmənə çevirməsinlər", - Paşayeva deyib.

Deputat Zahid Oruc isə bildirib ki, Azərbaycan indiyə qədər antiiran bloklarında yer almayıb, lakin İranın davranışları buna vadar edir.

Milli Məclisin spikeri Oqtay Əsədov çıxışında deputatların qaldırdığı məsələyə münasibət bildirərək deyib ki, bir çox qüvvələr var ki, İranda Azərbaycana qarşı təhdidlərlə məşğuldurlar.

"Bunun kökünü axtarsaq, gedib yenə də bəzi qurumlara çıxacaq. İran Azərbaycana qonşu dövlətdir. Biz hər zaman İranla münasibətlərin yaxşı olmasına çalışmalıyq. Razıyam ki, İran diplomatiyasında bəzi səhvlərə yol verildi, İran parlamentində Azərbayana qarşı çıxışlar oldu. Hətta Türkmənçay müqaviləsinin ləğvi məsələsini qaldırırlar. Biz hər vəchlə çalışmalıyıq ki, bu məsələlər çox dərinləşməsin", - o deyib.

Spikerin sözlərinə görə, Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, heç bir xarici dövlət Azərbaycan ərazisindən istifadə edərək heç bir qonşu ölkəyə qarşı tədbir keçirə bilməz.

"Azərbaycana qarşı yönələn qüvvələrin - "Səhər" televiziyasının və digər qurumların cavabı verilir və veriləcək", - o deyib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxışında bildirib ki, İranla bağlı münasibətlərdə qonşuluq siyasəti həyata keçiririk. "Lakin sonda sərt notalar gördük. Bu gün dünyada və bölgədə gedən proseslərə adekvat münasibət bildirilməlidir", - Muradova deyib.

Xəbər lenti

Xəbər lenti