Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov çərşənbə günü Almaniya Buntestaqının üzvü Mixail Fuksu partiyanın mənzil-qərargahında qəbul edib.
Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Əli Əhmədov iki ölkə arasında olan əməkdaşlıq münasibətlərindən söz açıb və Azərbaycanın xarici siyasətində Almaniya ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirib.
Əhmədov qonağa Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət, həmçinin, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyi barədə ətraflı məlumat verib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Almaniya Xristian Demokrat Birliyi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı görüşlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Almaniya Buntestaqının üzvü Mixail Fuks, öz növbəsində, ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyini bildirib, son vaxtlar Azərbaycanda aparılan quruculuq-abadlıq işlərinin təqdirəlayiq olduğunu vurğulayıb. Qonaq, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığını qeyd edib.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.