...

Xorvatiyanın birinci xanımı "Sehirli ilmələr" qalereyasında olub (FOTO)

Siyasət Materials 12 Mart 2012 14:16 (UTC +04:00)
Martın 12-də Xorvatiya Respublikasının Prezidentinin xanımı Tatyana Yosipoviç “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehirli ilmələr” qalereyasında olub.
Xorvatiyanın birinci xanımı "Sehirli ilmələr" qalereyasında olub (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də Xorvatiya Respublikasının Prezidentinin xanımı Tatyana Yosipoviç "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olub.

Trend-in məlumatına görə, qonağa gül dəstəsi təqdim edilib və məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilib ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. Burada toxunan xalçalar beynəlxalq aləmdə də layiqli qiymətini alıb. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülüb. Həmçinin xalçaçılıq sənətinin təbliği üçün rüblük jurnal da nəşr olunur.

Xorvatiyanın birinci xanımı toxunan xalçalardan birinə ilmə vurub.
Xanım Tatyana Yosipoviç qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

Xorvatiyanın birinci xanımına xalçaçılıq sənətindən bəhs edən nəşrlər və xatirə hədiyyələri təqdim edilib. Tatyana Yosipoviç qalereyaya hədiyyə bağışlayıb.

Qonaq xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti