...

Avronest Parlament Assambleyasının Bakı sessiyasında tətbiq olunacaq yeniliklər açıqlanıb

Siyasət Materials 28 Mart 2012 13:05 (UTC +04:00)
Avronest Parlament Assambleyasının Bakı sessiyasında bir sıra yeniliklər tətbiq olunacaq.
Avronest Parlament Assambleyasının Bakı sessiyasında tətbiq olunacaq yeniliklər açıqlanıb

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir M.Əliyev/

Avronest Parlament Assambleyasının Bakı sessiyasında bir sıra yeniliklər tətbiq olunacaq.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov çərşənbə günü Trend-ə bildirib ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək.

Onun sözlərinə görə, bunun üçün səsvermədə iştirak edəcək Avropa parlamentariləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər.

Süleymanov deyib ki, həmçinin Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, 2 apreldə Avronest PA-nın ikinci plenar sessiyası Bakı şəhərində Milli Məclisin binasında öz işinə başlayacaq və sessiya 4 aprelə qədər davam edəcək.

Sessiya zamanı daimi komitələrin və Belarus üzrə İşçi Qrupun iclasları, həmçinin qurumun plenar iclası keçiriləcək. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul edilməsi gözlənilir.

Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edəcək. Bakı sessiyasında, həmçinin Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Polşa senatoru Norbert Obrycki iştirak edəcəklər.

Cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər Komitəsinin isə fevral ayında Yerevanda iclasları keçirilib. Bu iclaslar zamanı Komitələrin hazırladıqları məruzə layihələri müzakirə edilib, həmin sənədlər qurum üzvləri və Şərq Tərəfdaşlığı milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər edilməsi üçün açıq elan edilib.

Elxan Süleymanov vurğuladı ki, Siyasi məsələlər Komitəsinin həmməruzəçiləri Knut Flekenşteyn və Əli Huseynli, Enerji təhlükəsizliyi Komitəsinin həmməruzəçiləri Algirdas Saudargas və Rasim Musabəyov, İqtisadi inteqrasiya Komitəsinin həmməruzəçiləri Paveł Zalevski və Vladimir Veçerko, Sosial məsələlər Komitəsinin həmməruzəçiləri isə Iliana Malinova Iotova və Artak Zakaryandır. O, bildirdi ki, komitələr üzrə hazırlanmış məruzə layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına da uyğun hazırlanıb.

Millət vəkili bildirdi ki, AVRONEST PA-nın Prosedur Qaydalarına əsasən plenar iclası Milli Məclisin sədri Oqtay Əsədov açacaq, sonra iclasa sədrliyi qurumun həmsədrləri cənab Kristian Vigenin və Boris Tarasyuk davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti