...

Azərbaycanı MDB XİNŞ-də nazir müavini təmsil edəcək

Siyasət Materials 4 Aprel 2012 11:38 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 6-da Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında ölkəni təmsil edəcək.
Azərbaycanı MDB XİNŞ-də nazir müavini təmsil edəcək

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 6-da Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında ölkəni təmsil edəcək. Bu barədə çərşənbə günü Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Bir az əvvəl təşkilatın İcraiyyə Katibliyindən verilən məlumata görə, 2011-ci ildə MDB çərçivəsində XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının və 2012-ci ilin planlarının həyata keçirilməsi Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə ediləcək.

MDB İcraiyyə Komitəsi XİNŞ iclasının gündəliyinin layihəsinə təklifləri artıq hazırlayıb. Təkliflər Daimi Nümayəndələr Şurasında müzakirə olunub. Onlar MDB iştirakçısı olan ölkələrin nümayəndələrinin ekspert qruplarının iclaslarında razılaşdırılmış 20-dən artıq sənədin layihəsini nəzərdə tutur.

Siyasi yönümlü məsələlərlə yanaşı, gündəliyin layihəsinə hərbi əməkdaşlıq və təhlükəsizlik, humanitar sahələr, MDB-nin sahə əməkdaşlıq orqanlarının fəaliyyəti daxildir.

Belə ki, gündəliyin layihəsinə əsasən, XİNŞ iclasında 2020-ci ilə qədər MDB iştirakçısı olan dövlətlərdə bədən tərbiyəsinin inkişaf strategiyası və 2012-2013-cü illərdə onun reallaşdırılması; MDB ölkələrinin silahlı qüvvələrinin mühəndislik təminatı sahəsində əməkdaşlıq haqqında razılaşmalar, üçüncü dövlətlərin vətəndaşlarının və iştirakçı dövlətlərin ərazilərinə daxil olan vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması məsələlərini tənzimləyən sənədlərə əlavə və dəyişikliklərin daxil edilməsi və digərlərinə baxılması güman edilir.

Həmçinin, Daimi Nümayəndələr Şurası tərəfindən Aşqabadda 30 may 2012-ci ildə keçirilməsi nəzərdə tutulmuş MDB-nin Hökumət Başçıları Şurası iclasının gündəliyinin layihəsinə edilən təkliflərə də baxılıb. Təkliflər MDB-nin həyat fəaliyyətinin bir çox istiqamətləri üzrə 20-dən artıq sənəd layihəsini özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti