...

Mübariz Qurbanlı: Müxalifətin mitinqdə iştirakçıların sayını 10 min göstərməsi gülüncdür

Siyasət Materials 9 Aprel 2012 15:51 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, müxalifətin 8 aprel mitinqində iştirakçıların sayını 10 min göstərməsi gülüncdür.
Mübariz Qurbanlı: Müxalifətin mitinqdə iştirakçıların sayını 10 min göstərməsi gülüncdür

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, müxalifətin 8 aprel mitinqində iştirakçıların sayını 10 min göstərməsi gülüncdür.

"Hesab edirəm ki, Bakı şəhər İcra Hakimiyyətinin yaydığı rəqəm realdır. Orada maksimum 1200 nəfər iştirak edərdi. Onun da 300-ə yaxını KİV əməkdaşı olub. Çünki orada 10 min nəfər iştirak etməyib. Onlar özləri də nə dediklərini və onun məntiqi nəticələrini başa düşmürlər. İddia edirlər ki, guya hakimiyyət həmin ərazilərə avtobusların getməsinə əngəl törədib. Əslində, yalan deyirlər, çünki həmin saatlarda marşrutlar çox dəqiq işləyirdi və kim istəsəydi o əraziyə gedə bilərdi", - bunu bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iddia edirlər ki, guya orada 10 min nəfər olub.

"Biz Siyavuş Novruzov ilə tədbirdən qayıdırdıq, yolüstü oradan keçəndə bir az dayanıb baxdıq, orada adamların azlığını gördük. Əgər bunların dediyi kimi, avtobuslar süni surətdə marşrutdan çıxarılıbsa, onda bunların iddia etdiyi 10 min nəfər hava ilə gedib ora? Bəs necə gediblər? Yəni gülməlidir, özləri də düşünmədən öz yalanlarını təsdiq edirlər. Deyirlər, 10 min olmuşuq, sonra deyirlər, avtobusları qoymayıblar. Hesablayın, 2 saat ərzində 10 min adam - nə qədər avtobus olmalıdır ki, onlar ora getsinlər?" - Qurbanlı vurğulayıb.

Qurbanlı qeyd edib ki, ora getmək istəyənlərə əngəl törədilməyib. Ətrafda da xeyli insan yaşayır, öz iş-gücü ilə məşğul idi, heç kim mitinqə maraq göstərmirdi.

"Bu rəqəmi şişirtməkdə məqsəd o idi ki, xarici dairələrə çatdırmaq istəyirlər ki, guya burada kütləvi mitinq olub və bununla aldıqları bu və ya digər vəsaitlərə bəraət qazandırmaq istəyirlər. Ancaq çox primitiv işləyirlər, çünki özləri də xaricilərin onları müşahidə etdiklərini gözəl bilirdilər və özləri də utandıqlarından mitinqlərini axıra qədər keçirə bilmədilər, dağılışıb getdilər", - Qurbanlı bildirib.

O deyib ki, müxalifət bu hadisələrdə fərsizliyi ilə yanaşı, yalançılığını da nümayiş etdirdi.

Xəbər lenti

Xəbər lenti