...

Azərbaycanda qanunvericiliyə dəyişikliklər siyasi partiyalar qarşısında bir sıra vəzifələr qoyacaq

Siyasət Materials 9 Aprel 2012 18:16 (UTC +04:00)
Azərbaycanda "Siyasi partiyalar" haqqında qanuna bir sıra dəyişikliklər təklif olunur.
Azərbaycanda qanunvericiliyə dəyişikliklər siyasi partiyalar qarşısında bir sıra vəzifələr qoyacaq

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Siyasi partiyalar" haqqında qanuna bir sıra dəyişikliklər təklif olunur.

Milli Məclisdən bazar ertəsi Trend-ə bildirilib ki, qanuna təklif olunan əlavəyə görə, siyasi partiya dövlət qeydiyyatına alınan zaman proqramını və sonradan həmin proqrama edilən hər hansı dəyişikliyi müvafiq icra hakimiyyəti orqanına məlumat üçün təqdim edir.

Həmçinin, qeyd olunub ki, siyasi partiyaların ilk təşkilatlarının, komitələrinin və digər təşkilati strukturlarının Azərbaycanın dövlət orqanlarında fəaliyyətinə yol verilmir.

Dəyişilklikdə göstərilir ki, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz

Həmçinin, qanuna təklif olunan əlavəyə görə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilməyəcək.

Qanuna dəyişikliklər siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, qanunun "Siyasi partiyaların fəaliyyət formaları" maddəsində qeyd olunur ki, partiyalar vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmalıdır.

Yeni qanun layihəsində göstərilir ki, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.

Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.

"Siyasi partiyalar" haqqında qanuna olunan dəyişikliklər çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti