...

Mübariz Qurbanlı: Regiondakı münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir

Siyasət Materials 9 Aprel 2012 19:02 (UTC +04:00)
Regionda mövcud olan münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir.
Mübariz Qurbanlı: Regiondakı münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir

Azərbaycan, Bakı, 9 apreı /Trend/

Regionda mövcud olan münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

"Cənubi Qafqaz geosiyasi və geoiqtisadi baxımdan dünyanın həssas bölgələrindən biridir. Bu bölgə şərqlə qərbin, şimalla cənubun iqtisadi münasibətlərinin düyün nöqtəsidir. Bu baxımdan, regionda mövcud olan münaqişələrin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri təqdirəlayiqdir", - Qurbanlı qeyd edib.

Qurbanlı bildirib ki, münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə regionda mühüm layihələrin reallaşmasına mane olur. Dünyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və böyük dəyişikliklərə məruz qaldığını deyən millət vəkilinin sözlərinə görə, hazırda dünyada aparıcı yeri hərbi güc və əsgəri qüvvənin sayı deyil, yeni texnologiyalar, elm və dövlətlərin iqtisadi gücü tutur.

"Dövlətlərin iqtisadi potensialının artmasında iqtisadi layihələr xüsusi yer tutur. Amma münaqişələr buna başlıca maneədir. Ona görə də, dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməkdədir. Türkiyənin bu baxımdan təşəbbüsləri də yüksək dəyərə malikdir. Azərbaycanla Türkiyə strateji müttəfiq, dost və qardaş ölkələrdir. Qardaş dövlət kimi Türkiyə münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Türkiyənin belə təşəbbüsləri təsadüfi deyil. Bu ölkə bölgənin ən güclü aktorlarından biridir. Dövlət modeli baxımından Türkiyə islam dünyasında cəlbedici rol oynayır. Azərbaycan da dünyəvi dövlət kimi iqtisadi və siyasi modelinə görə cəlbedici ölkədir. Bizim Türkiyə ilə ortaq maraqlarımız başqa ölkələrlə müqayisədə daha çoxdur. Türkiyə zaman-zaman belə təşəbbüslərlə çıxış edərək Qafqazı sülh və əminamanlıq bölgəsinə çevirmək istəyir, bölgə dövlətlərinin iqtisadi birliyinə nail olmağa çalışır. Qarabağ problemi isə bütün bunlara mane olur. Türkiyə dövlətinin rəhbərləri bütün səviyyələrdə, beynəlxalq tədbirlərdə bu məsələni qaldırır. Qeyd edim ki, bu münaqişə bütün bölgə dövlətlərinə ziyan vurur. Artıq Cənubi Qafqazda Rusiya üçün Ermənistanın əhəmiyyəti azalıb. Çünki Türkiyə bölgənin güclü dövləti kimi proseslərə təsirini artırır. Ümumiyyətlə, Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin təşəbbüsləri çox dəyərlidir. Hesab edirəm ki, bu cür təşəbbüslər münaqişənin sülh yolu ilə həll edilməsinə müsbət təsir göstərəcək", - YAP icra katibinin müavini vuruğlayıb.

Xəbər lenti

Xəbər lenti