Azərbaycan, Bakı, 22 may / Trend, müxbir S.Ağayeva /
İran tərəfinin öz səfirini Azərbaycandan Tehrana çağırmaq məsələsində dəqiq mövqeyi yoxdur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
"İran XİN-in özü bəyan edir ki, səfir Məhəmməd Bağır Bəhramini məsləhətləşmələr üçün çağırır. Lakin İranın Azərbaycandakı səfirliyi bəyan edir ki, səfir dini xarakterli səbəblərə görə çağırılıb. Bu qarışıqlıq həmin məsələdə İran tərəfinin dəqiq mövqeyinin olmamasını göstərir. Bəzi dövlətlər, o cümlədən İran dünyanın aparıcı dövlətlərindən birinə çevrilən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır", - Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan öz müstəqil siyasətini yürüdən və başqalarının onun işlərinə qarışmasına imkan verməyən müstəqil dövlətdir.
"Biz Azərbaycanın Təbrizdəki Baş konsulluğunun təhlükəsizliyini diqqətlə izləyirik. İran Vyana Konvensiyasına uyğun olaraq bizim Təbrizdəki diplomatik nümayəndəliyimizin təhlüksəziliyini təmin etməyə borcludur", - Abdullayev bildirib.
O qeyd edib ki, zərurət yaranarsa, Azərbaycan Təbrizdəki konsulluğunun mühafizəsi üçün müvafiq tədbirlər görəcək.
XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan həmişə mehriban qonşuluq siyasəti yürüdüb və öz qonşularından da bunu tələb etmək hüququna malikdir.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bərhami Tehrana çağırılıb. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əhməd Neməti səfirin çağırıldığını təsdiqləyib və hazırda onun məsləhətləşmələrin aparılması üçün Tehranda olduğunu bildirib.