Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/
Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı mayın 24-də qəbul etdiyi qətnamə, xüsusilə, qeyri-obyektivliyi ilə seçilir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində deyib.
"Hesab edirəm ki, araşdırmalar belə bir qətnamənin qəbul edilməsinin kimlərə maraqlı olması sualına cavabı tapmağa kömək edəcək. Avropa Parlamenti kimi nüfuzlu və ciddi beynəlxalq təşkilatın belə tələsik hazırlanmış, Azərbaycanın reallıqlarını nəinki əks etdirməyən, əksinə, onu təhrif edən sənədə səs verməsinə təəccüblənməyə bilmirsən", - Əhmədov qeyd edib.
Qətnamənin qəbul olunmasına Avropa Parlamentinin 700-dən çox üzvündən cəmi 56 nəfərin səs verməsini qeyd edən Əhmədov bunun qətnamənin yeganə qüsuru olmadığını deyib.
"Bu sənədin daha ciddi qüsuru uydurmalara, yoxlanılmamış hesabatlara və qəzet məqalələrinə, bir sözlə, mötəbərliyi şübhə yaradan mənbələrə istinad etməsindədir. Bu, Avropa Parlamenti kimi beynəlxalq təşkilata heç bir halda başucalığı gətirmir. Mən Avropa Parlamentinə belə bir qətnaməni qəbul etdiyinə görə qəti etiraz edirəm, qətnaməni isə qərəzli və qeyri-obyektiv sayıram", - Əhmədov bildirib.