Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/
Son üç il ərzində Azərbaycanda Serbiya vətəndaşları tərəfindən və onlara qarşı heç bir cinayət törədilməyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu daxili işlər naziri Ramil Usubov mayın 31-də Serbiyanın səfiri Zoran Vayoviçlə görüşündə deyib.
Daxili işlər naziri son illər iki ölkə arasında əlaqələrin genişləndiyini xatırladaraq dövlət başçılarının qarşılıqlı səfərlərinin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, iki ölkə arasındakı münasibətlərin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Bu ay Bakıda keçirilən "Eurovision 2012" beynəlxalq musiqi yarışmasında Serbiya təmsilçisinin uğurla çıxış edərək üçüncü yer tutduğunu nəzərə çatdıran nazir bu münasibətlə səfiri təbrik edib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.
Nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib. O, ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının qorunmasının prioritet elan olunduğu, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Səfir Zoran Vayoviç Bakıda keçirilən "Eurovision 2012" beynəlxalq musiqi yarışmasının yüksək səviyyədə təşkilinə və təhlükəsizliyin nümunəvi təmin olunmasına görə minnətdarlığını bildirib.
Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.