...

Aydın Mirzəzadə: Türkiyə beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını daim yüksək səviyyədə müdafiə edir

Siyasət Materials 5 İyul 2012 16:29 (UTC +04:00)
Türkiyə dövləti beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını daim yüksək səviyyədə müdafiə edir. Son proseslər də göstərir ki, iki qardaş dövlət arasında əlaqələr daha da güclənməkdədir.
Aydın Mirzəzadə: Türkiyə beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını daim yüksək səviyyədə müdafiə edir

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/

Türkiyə dövləti beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını daim yüksək səviyyədə müdafiə edir. Son proseslər də göstərir ki, iki qardaş dövlət arasında əlaqələr daha da güclənməkdədir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Mirzəzadə bildirib ki, tərəflər arasında "TANAP" layihəsinə dair sazişin imzalanması birlik və ümumi həmrəyliyin daha bir göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqlar.

"Türkiyə və Azərbaycan arasında münasibətlər daim yüksələn xətlə inkişaf edir. Şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın da saziş imzalanan zaman verdiyi bəyanat bu faktı bir daha təsdiq edir", - o vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, tarixi siyasi təcrübə və hazırkı reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, istərsə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunması məsələləri ətrafında planlaşdırılmamış və proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Türkiyənin eyni mövqedən prinsipiallıqla yanaşdığı məsələlərin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik ciddi cəhdləri intensiv şəkildə davam edəcək.

Xəbər lenti

Xəbər lenti