Azərbaycan, Bakı, 11 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.