...

İlham Əliyev: Azərbaycan və Tacikistan xalqları arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri vardır

Siyasət Materials 12 İyul 2012 12:20 (UTC +04:00)
İyulun 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
İlham Əliyev: Azərbaycan və Tacikistan xalqları arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri vardır

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Dəvətimizi qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Sizin səfərinizə və bütövlükdə dövlətlərimiz arasında yaxşı tarixə və gözəl perspektivə malik olan münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz Sizinlə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə dair fikir mübadiləsi apardıq, konkret məsələlərin həlli yollarını qeyd etdik. Sizin səfərinizin müsbət məzmun kəsb etməsi üçün bu gün müvafiq qurumlara konkret tapşırıqlar veriləcəkdir", - Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib.

Dövlət başçısı səfərin çox uğurlu olacağına ümid etdiyini bildirib.

"İmzalayacağımız sənədlər də qarşılıqlı münasibətlərin inkişafı üçün yaxşı yeni baza yaradır. Xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri vardır. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq", - İlham Əliyev qeyd edib.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon səmimi qəbul üçün minnətdarlığını bildirib.

"İcazə verin, hər şeydən əvvəl, bizi ölkənizə rəsmi səfərə dəvət etdiyinizə görə bir daha səmimi təşəkkürümüzü bildirim. Bizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə və Sizin şəxsinizdə Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına minnətdarıq. Biz bu səfərə böyük əhəmiyyət veririk və onu əsası 2007-ci ildə yüksək səviyyədə qarşılıqlı səfərlərlə qoyulmuş daimi əlaqələrimizin məntiqi davamı kimi qəbul edirik. Hörmətli İlham Heydər oğlu, bu baxımdan biz Sizin Tacikistana səmərəli səfərinizi xüsusi hərarətlə xatırlayırıq. Bu səfər iki ölkənin bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına güclü təkan vermişdir", - Tacikistan Prezidenti deyib.

İmoməli Rəhmon ölkəsinin Azərbaycan Respublikası ilə səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirdiyini və bu münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

"Bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir. BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır", - Tacikistan dövlətinin başçısı qeyd edib.

Xəbər lenti

Xəbər lenti