Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın mədəni səviyyəsinin yüksəlməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında mətbuatın rolu əvəzsizdir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə deyib.
"Azərbaycanda müstəqil, milli maraqlara uyğun fəaliyyət göstərən kifayət qədər mətbuat adamı var. Azərbaycan mətbuatında çalışanların peşəkarlığı getdikcə artır. Mətbuatın inkişafı bu gün də davam edir. Mətbuat dedi-qodu söhbətlərindən uzaqlaşaraq daha ciddi təhlillər aparır", - Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti mətbuatın inkişafına qayğı və diqqət göstərir.
"Bu qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mətbuatın maddi bazası yüksəlir, mətbuat işçilərinin maddi rifahının yüksəlməsi üçün hökumət tərəfindən lazımi tədbirlər həyata keçirilir", - YAP rəsmisi qeyd edib.
Əhmədov deyib ki, problemlər hər sahədə olduğu kimi, mətbuat sahəsində də var.
"Azərbaycan mətbuatının inkişafı, təkmilləşməsi, kamilləşməsini Azərbaycandakı inkişafdan, yeniləşmədən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan mətbuatı ölkədəki inkişafı kifayət qədər düzgün işıqlandırır", - YAP rəsmisi bildirib.
Tədbirin sonunda jurnalistlər mükafatlandırılıb.