Azərbaycan, Bakı, 31 avqust /Trend/
Bakıda cümə axşamı Ukraynanın müstəqilliyinin 21-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Ukraynanın Azərbaycandakı səfəri Aleksandr Mişşenko Müstəqillik gününün dost Azərbaycanda qeyd olunmasından məmnun olduğunu bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan və Ukrayna arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Səfir vurğulayıb ki, Azərbaycan və Ukrayna arasında qurulmuş strateji əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi istiqamətində hər iki ölkə öz səyini əsirgəmir.
Daha sonra tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin adından Ukrayna xalqını milli bayram münasibətilə təbrik edib. Ukrayna və Azərbaycan arasında əsrlər boyu isti münasibətlərin olduğunu deyən Abbasov, müstəqillik əldə etdikdən sonra iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlandığını əlavə edib.
Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, ticarət dövriyyəsi ildən-ilə artır.
Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.