...

Prezident İlham Əliyev İranın vitse-prezidenti Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2012 20:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev İranın vitse-prezidenti Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 5 sentyabr/Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə ikitərəfli münasibətlərimizin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev "İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm" mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Seyid Həsən Musəvi Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnun olduğunu dedi. Seyid Həsən Musəvi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını dedi.

Görüşdə ikitərəfli münasibətlərimizin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti