...

Elmar Məmmədyarov Albaniya və Liberiyanın xarici işlər nazirləri ilə görüşüb

Siyasət Materials 26 Sentyabr 2012 15:21 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Edmond Panariti ilə görüş keçirib.
Elmar Məmmədyarov Albaniya və Liberiyanın xarici işlər nazirləri ilə görüşüb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Edmond Panariti ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərə böyük töhfələr verdiyini qeyd edib və Azərbaycan ilə Albaniya arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyacın olduğunu bildirib.

Edmond Panariti Azərbaycan Milli Məclisinin sədrinin bu yaxınlarda Albaniyaya etdiyi səfəri yüksək qiymətləndirib və bu səfərin ikitərəfli münasibətlərə önəmli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Liberiyanın xarici işlər naziri Auqustine Nqafuan ilə də görüş keçirib.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının araşdırılmasına ehtiyac olduğunu vurğulayıb və bu istiqamətdə müxtəlif addımların atılmasının zəruriliyini qeyd ediblər.

Liberiyalı nazir ölkəsinin keçid dövrü ərzində iqtisadiyyatın inkişafı üçün güclü tərəfdaşlara ehtiyacı olduğunu diqqətə çatdıraraq, Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Auqustine Nqafuan cari ildə Liberiyada böyük neft yataqlarının kəşf edilməsi barədə məlumat verib və bu sahədə Azərbaycanın zəngin təcrübəsindən yararlanmaq arzusunda olduqlarını dilə gətirib. O, həmçinin Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti