...

Mübariz Əhmədoğlu: Avropa Komissiyası Ermənistanın malik olduğu raketlərin məhvinə nail olmalıdır

Siyasət Materials 22 Oktyabr 2012 12:21 (UTC +04:00)
Ermənistan yenidən Azərbaycandan Avropaya neft və qaz daşıyan kəmərləri vuracağını gündəliyə gətirdi. Bu barədə bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Avropa Komissiyası Ermənistanın malik olduğu raketlərin məhvinə nail olmalıdır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistan yenidən Azərbaycandan Avropaya neft və qaz daşıyan kəmərləri vuracağını gündəliyə gətirdi. Bu barədə bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Avropa İttifaqının pulu hesabına aldığı raketlərin sınağını keçirdikdən sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Artak Davtyan bu raket sınaqlarının keçirilməsində əsas məqsədin Azərbaycanın Avropaya neft və qaz daşıyan kəmərlərini vurmaq və Azərbaycanın digər neft infrastrukturlarını dağıtmaq olduğunu bildirdi.

"Rəsmi Yerevanın yenidən bu mövqeyə qayıtmasının səbəbi izah olunandır. Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle vasitəsilə Aİ-dən 43 milyon avro vəsait alan Ermənistan indi Rusiyanı da Ermənistana yardım etməyə şirnikləşdirməyə çalışır", - politoloq deyib.

Əhmədoğlu qeyd edib ki, Ermənistanda çox gözəl bilirlər ki, Xəzərin enerji resurslarının Avropaya nəql olunması Rusiyada ən böyük qıcıq və qısanclıq yaradan layihədir. Aİ rəsmiləri bunu və Ermənistanın Rusiyadan olan asılılığını bilməmiş deyillər.

Politoloqun fikrincə, demokratik seçki keçirməyən, demokratik islahatlar aparmayan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq verməyən, Aİ-nin enerji təhlükəsizliyinə təhlükə yaradan Ermənistanı Avropa Komissiyası maliyyələşdirməklə onun region üçün təhlükəliliyini, aqressivliyini daha da artırmış olur.

"Bir tərəfdən Azərbaycanla neft-qaz danışığı aparıb, digər tərəfdən neft-qaz əlaqəsinə real təhlükəni maliyyələşdirmək normal məntiqlə izah oluna bilmir. Ona görə də Avropa İttifaqı Cənubi Qafqaz regionu, Xəzərin enerji resursları ilə bağlı mövqeyini dəqiqləşdirməlidir. Əgər ona Xəzərin enerji resurslarından istifadə etməklə yanaşı Ermənistanı dəstəkləmək də vacibdirsə, bu halda, ən azı, müəyyən addımlara nail olmalıdır", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan Aİ qarşısında Azərbaycandan Avropaya neft və qaz daşıyan kəmərləri və digər neft-qaz infrastrukturunu vurmamaq, terror etməmək və bunlarla hədələməmək öhdəliyini rəsmi şəkildə götürməlidir. Politoloqun fikrincə, Avropa Komissiyası istərsə, buna nail ola bilər.

"Avrokomissiya Ermənistanın Avropayönümlü bəzi dövlətlərdən aldığı raketlərin məhv edilməsi ilə məşğul olmalıdır. Moldova, Rumıniya, Ukrayna, eləcə də Gürcüstanda Ermənistanın son vaxtlar malik olduğu raketlərin dəqiq siyahısı var. Avropa Komissiyası həmin ölkələrdən Ermənistanın raket arsenalının miqdarı ilə bağlı dəqiq məlumatı əldə edib, Ermənistan ərazisində raketlərin utilizasiyasına, məhvinə başlaya bilər", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinə əsas yaradan Böyük Sülh Sazişinin imzalanması məsələsində Aİ Ermənistana güclü təzyiq etməlidir. Bu zaman Azərbaycan ilk addım olaraq snayperlərin geri çəkilməsini nəzərdən keçirə bilər. Əks təqdirdə, yaxın vaxtlarda Aİ həm özünü, həm də Xəzər regionundakı enerji mənbələrini ciddi təhlükə altına alan siyasətin müəllifi olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti