Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri xanım Karolina Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Karolina Piper Almaniyanın xarici işlər naziri Guido Vestervellenin salamlarını dövlətimizin başçısına çatdırdı. Karolina Piper Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkəmizi daim dəstəklədiyini vurğuladı. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər zamanı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə etdi. O, Almaniyanın xarici ticarət palatasının regionda ilk dəfə Azərbaycanda açılmasının əhəmiyyətini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan və Almaniya iş adamlarının qarşılıqlı fəaliyyəti, birgə layihələrin həyata keçirilməsi baxımından ticarət palatasının önəmini qeyd etdi. Dövlətimizin başçısı ticarət palatasının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sənaye, enerji, sərmayə qoyuluşu, təhsil, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev xarici işlər naziri Guido Vestervellenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniyanın xarici işlər nazirinə çatdırmağı xahiş etdi.