...

Gələn il Azərbaycanda həkimlərin və müəllimlərin əməkhaqları artırılacaq

Siyasət Materials 15 Noyabr 2012 12:36 (UTC +04:00)
2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur.
Gələn il Azərbaycanda həkimlərin və müəllimlərin əməkhaqları artırılacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov cümə axşamı Milli Məclisdə 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

"2004-cü ildən minimum aylıq əməkhaqlarının baza hissəsinin on dəfədən çox artımı baş verib, həkim və müəllimlərin əməkhaqları 11 dəfə artırılıb. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar qaldırılacaq", - Şərifov bildirib.

Nazirin sözlərinə görə, sosial müdafiə bununla bitmir. "Azərbaycanda möhtəşəm sosial layihələr həyata keçirilir, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, növbəti illərdə dünyadakı vəziyyət izləniləcək və dövlət büdcəsinə neftin qiymətinə dair dəyişikliklər edilə bilər.

"Lakin bizim hesablamalarımızla, dövlət büdcəsinin gəlirlər hissəsinə dəyişikliklər gözlənilmir", - Şərifov deyib.

Nazir qeyd edib ki, son illər dövlət büdcəsi daha çox investisiya yönümlü büdcə olub. "Artıq 2013-cü il büdcəsində əsaslı xərclər 45,8 faiz təşkil edir. Bununla belə, sosial xərclərdə heç bir azalma baş verməyib, əksinə artım görünür", - Şərifov bildirib və əlavə edib ki, uşaq baxçalarında ərzaq xərcləri də artırılıb.

"Tək Bakı şəhərində deyil, ölkənin bölgələrində də bu xərclər artırılacaq. Bununla yanaşı, ayrılan vəsaitin istifadəsinə nəzarət gücləndirilməlidir", - maliyyə naziri deyib.

Şərifov ölkədə şagird-müəllim nisbətinə də toxunub və bildirib ki, Azərbaycanda 8 şagirdə 1 müəllim, Avropa ölkələrində isə 15 şagirdə 1 müəllim düşür.

"Bu səbəbdən müəllim sayının azaldılması vacibdir. Bu problem səhiyyə sahəsində də mövcuddur. Buna görə də struktur islahatları aparmalıyıq ki, vəsaitlər daha səmərəli istifadə olunsun", - nazir əlavə edib.

Onun sözlərinə görə, dövlət büdcəsində ali təhsil xərclərinin artması nəzərdə tutulub, çünki Nazirlər Kabineti dövlət sifarişi ilə təhsil alan tələbələrin adambaşına maliyyələşmə xərclərinin artırılması ilə bağlı qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti