...

İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 29 Noyabr 2012 16:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edib.
İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edib.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Mohammad Şaker Karqar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirdi. Əfqanıstan Prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan Prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı ölkəmizin Əfqanıstanı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.

Səfir Mohammad Şaker Karqar Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. Mohammad Şaker Karqar Əfqanıstan xalqının və hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğuladı.

Dövlətimizin başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyev Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da Kot d-İvuar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Tano-Buçuenin etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bernar Tano-Buçue etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Bernar Tano-Buçue Kot d-İvuar Respublikasının Prezidenti Alasane Ouattaranın salamlarını dövlətimizin başçısına çatdırdı. Diplomat Bernar Tano-Buçue öz ölkəsinin rəhbərliyinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkələrimizin əməkdaşlıq imkanlarının böyük potensiala malik olduğunu vurğulayan kot d-ivuarlı diplomat əlaqələrimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kot d-İvuar Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının öyrənilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Dövlətimizin başçısı Prezident Alasane Ouattaranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kot d-İvuar dövlətinin başçısına çatdırmağı xahiş etdi.

***

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Miko Halyasın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Miko Halyas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Estoniyaya rəsmi səfərini və Estoniya Prezidentinin ölkəmizə səfərini xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Estoniya arasında əlaqələrin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətlərinin razılıq doğurduğunu vurğulayan səfir Miko Halyas bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu dedi. Diplomat ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Estoniya-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi. Estoniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan səfir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə tərəfdar olduğunu bildirdi.

Görüşdə ölkələrimizin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığı, enerji, informasiya və kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Damir Dzankonun etimadnaməsini qəbul edib.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Damir Dzanko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Damir Dzanko Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin inkişafında ölkəsinin dövlət başçısının Azərbaycana tarixi səfərinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Damir Dzanko Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Bakir İzetbeqoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti