...

Azərbaycana gələn əcnəbilərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınması ləğv edilir

Siyasət Materials 30 Noyabr 2012 20:30 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycana gələn əcnəbilərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınması ləğv edilir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabinetinə tapşırılsın ki, on gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"ndan Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi zamanı əl-barmaq izlərinin alınmasını nəzərdə tutan müddəaları çıxarsın və bu barədə Azərbaycan Prezidentinə məlumat versin.

Xarici İşlər Nazirliyi "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 424 nömrəli fərmanında verilmiş tapşırıqların tam şəkildə icrasını təxirəsalınmadan təmin etməli; Azərbaycan Respublikasına gələn turistlərə elektron vizaların verilməsi üçün elektron ərizə formasının, tələb olunan digər sənədlərin siyahısının, habelə viza rəsmiləşdirilməsi ilə əlaqədar zəruri məlumatların on gün müddətində Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməli; Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqlarının viza rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün elektron vizaların verilməsi ilə bağlı treninqlərin keçirilməsini təşkil etməlidir.

Həmçinin, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən turistlərə elektron vizaların verilməsi işini qısa müddət ərzində təşkil etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına bu sərəncamın icrasına ciddi nəzarəti həyata keçirmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti