...

Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycanın yeni üzən dokun birinci bloku suya salınıb (FOTO)

Siyasət Materials 1 Dekabr 2012 10:16 (UTC +04:00)
Rusiyanın Nijni Novqorod vilayətindəki Qorodets şəhərində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən yeni üzən dokun birinci blokunun təntənəli suyasalınma mərasimi keçirilib
Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycanın yeni üzən dokun birinci bloku suya salınıb (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/

Rusiyanın Nijni Novqorod vilayətindəki Qorodets şəhərində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən yeni üzən dokun birinci blokunun təntənəli suyasalınma mərasimi keçirilib.

Trend-in Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nicni Novqorod vilayəti və Qorodets şəhəri rəhbərlərinin, yerli ijtimaiyyət və mətbuat nümayəndələrinin toplaşdığı mərasimdə Xəzər Dəniz Gəmiçiliyini Mətbuat və informasiya şöbəsinin rəisi-Gəmiçilik rəisinin köməkçisi Vüqar Sadıqov, Texniki şöbənin rəisi Siyasət Əliyev, təlimatçı-elektromexanik Gennadi Drobotov təmsil ediblər.

Mərasimdə podratçı təşkilatın - Gəmi təmiri və gəmiqayırma Korporasiyasının baş direktoru Vladimir Akimov çıxış edərək, ötən il dekabrın 25-də təməli qoyulmuş üzən dokun 6 blokunun hamısı üzərində iş getdiyini, birinçi blokun isə suya salınmağa tam hazır olduğunu bildirmişdir. O, son 20 ildə Rusiyada bu ölçüdə üzən dokun tikilmədiyini, zavod əməkçilərinin müqavilə öhdəliklərinə vaxtında əməl etmək əzmində olduqlarını vurğulayıb.

Vüqar Sadıqov respublikamızda iqtisadiyyatın, o cümlədən dəniz nəqliyyatının inkişafına dövlət qayğısı, ildən-ilə təzələnən nəqliyyat donanması, bu sahədə həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, gəmiçilik donanması son doqquz ildə dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında 10 tanker, 6 bərə və 1 quru yük gəmisi ilə zənginləşmiş, bunun nəticəsində Azərbaycan dənizçiləri Xəzərdə aparıcı mövqelərini qoruyub saxlayıblar.

Mərasimdə Azərbayjanla Rusiyanın siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafı, bu istiqamətdə istər hər iki ölkə rəhbərlərinin, istərsə də iş adamlarının göstərdiyi səylər çıxışların əsas mövzusu olub. Çıxışlarda Avropada hökm sürən qlobal iqtisadi böhran şəraitində məhz Qorodets şəhərində sifariş yerləşdirən Azərbayjan dövlətinə minnətdarlıq bildirilmiş, bu sifarişin iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından gəmi inşaatçıları üçün əvəzsiz olduğu ön plana çəkilib.

Daha sonra yeni üzən dokun birinci bloku Rusiya və Azərbayjanın dövlət himnlərinin sədaları altında suya buraxılıb.

Yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, bortunun hündürlüyü 13,35 metr nəzərdə tutulan üzən dok 6 blokdan ibarət olajaq, bu bloklar yedəkdə Bakıya aparıldıqdan sonra Gəmiçiliyin inşa etdiyi yeni gəmi təmiri zavodunun akvatoriyasında birləşdirilərək Xəzər hövzəsində ən iri üzən dok yığılacaq, nəticədə nəqliyyat donanması gəmilərinin sudan qaldırılaraq təmir edilməsində əhəmiyyətli addım atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti