...

Küveyt Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcək (FOTO)

Siyasət Materials 24 Dekabr 2012 15:41 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev Küveyt Millət Məclisinin sədri Əli Fəhd Əl-Raşidlə görüşüb.
Küveyt Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcək (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev Küveyt Millət Məclisinin sədri Əli Fəhd Əl-Raşidlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş əsnasında səfir Millət Məclisinin sədri seçilməsi münasibətilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun təbriklərini Əl-Raşidə çatdırıb. Daha sonra Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli, həmçinin ölkə parlamentləri səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münasib şərait yaratdığını qeyd edib. Burada parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının da rolu xüsusilə vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, həmçinin ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, neft strategiyası barədə müsahibinə geniş məlumat verən Rzayev ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənətindən danışıb.

Beynəlxalq problemlərin müzakirəsi zamanı hazırda dünyanın müxtəlif ölkələrində cərəyan edən siyasi böhran nəticəsində yaranmış qeyri-sabitlikdən söhbət açan səfir, Azərbaycanda mövcud sabit siyasi, ictimai və iqtisadi durum məsələsinə bir daha toxunaraq, ölkəmizdə turizm imkanları, münasib investisiya mühitinin insanları özünə cəlb etdiyini vurğulayıb. Daha sonra ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandallar tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, İslam və digər tarixi abidələrimizin məhv edilməsi və yandırılması, məktəblərin, muzeylərin, xəstəxanaların dağıdılması, xalqımıza dəyən maddi və mənəvi zərərdən danışıb, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilinə tərcümə olunub nəşr edilmiş "Xocalı soyqırımı" kitabını, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 15-17 noyabr 2012-ci il tarixlərində Cibutidə keçirilmiş 39-cu sessiyasının Xocalı faciəsinin soyqırım kimi tanınmasını təsbit edən sənədin surətini Millət Məclisinin sədrinə təqdim edib.

Millət Məclisinin sədri Əl-Raşid təbriklərə görə minnətdarlığını bildirərək, səmimi salamları və xoş arzularının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova çatdırılmasını xahiş edib. Son illər ərzində Küveytdə cərəyan edən müəyyən siyasi qeyri-sabitlik nəticəsində ölkə parlamentinin bir neçə dəfə buraxılması səbəbindən Azərbaycan Milli Məclisi sədrinin Küveytə səfərinin həyata keçirilmədiyindən təəssüfləndiyini qeyd edərək, öz adından Əsədova dəvət məktubunun ünvanlanacağını vəd edib. Daha sonra yaxın günlərdə yeni seçilmiş Küveyt Millət Məclisində komissiyaların, həmçinin dostluq qruplarının yaradılacağını bildirib, Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə gəlincə, Əl-Raşid Küveytin daim ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib, Xocalı soyqırımı zamanı ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən materialların onu çox təsirləndiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti