...

"ASAN xidmət" mərkəzlərində ödənilən dövlət rüsumlarının 30 faizi xüsusi hesaba köçürüləcək

Siyasət Materials 27 Dekabr 2012 23:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
"ASAN xidmət" mərkəzlərində ödənilən dövlət rüsumlarının 30 faizi xüsusi hesaba köçürüləcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sənədə əsasən, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

Bundan əlavə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində ikinci bəndə "işçilərinin" sözündən sonra "("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla)" sözləri əlavə edilir.

Dövlət başçısının imzaladığı Fərmanı ilə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 524-IVQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilib.

Müəyyən edilir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin üçüncü bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 767; 2006, №12, maddə 1057; 2008, №9, maddə 798; 2012, №6, maddə 547) 2-ci hissəsinə aşağıdakı məzmunda yeddinci bənd əlavə edilir: "həmin Qanunun 4.1-ci maddəsinin üçüncü bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.".

Sənədə əsasən, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 524-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərinin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlanılması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi və həmin Qanundan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.

Xəbər lenti

Xəbər lenti