Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Türkdilli xalqların ortaq tarixinin yazılmasına kömək məqsədilə yaxın vaxtlarda Qazaxıstan, Türkmənistan, Özbəkistan alimləri Azərbaycana dəvət ediləcək. Trend-in məlumatına görə, bunu şənbə günü AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Elmi Şurasında deyib.
İnstitut direktoru bildirib ki, həmin ölkələrlə yanaşı, Moldova, Gürcüstan, Dağıstandan da alimlərin dəvət edilməsi nəzərdə tutulur.
"Nəticədən asılı olmayaraq, biz Türkiyə-Azərbaycan ortaq tarixinin yazılmasına başlayacağıq. Ortaq türk tarixinin yazılması üçün Türkiyə ilə razılığa gəlinib", - Mahmudov əlavə edib.
Onun sözlərinə görə, türk tarixinin əsas problemlərindən biri soyqırım məsələsidir. Şərqi Anadolu, Cənubi Azərbaycan və Bakıda ermənilər tərəfindən soyqırımlar törədilib. Bu soyqırımların araşdırılmasına daha artıq diqqət yetiriləcək.