...

Mübariz Əhmədoğlu: MDB futbol çempionatını siyasi səbəblərə görə inkar edən Ermənistanın Gömrük İttifaqına üzv olacağına Rusiyada inanırlar

Siyasət Materials 31 Yanvar 2013 12:35 (UTC +04:00)
Rusiyadakı ermənipərəstlərin Azərbaycanın üzərinə hücumları xeyli artıb, həm də çərçivəni aşıb.
Mübariz Əhmədoğlu: MDB futbol çempionatını siyasi səbəblərə görə inkar edən Ermənistanın Gömrük İttifaqına üzv olacağına Rusiyada inanırlar

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/

Rusiyadakı ermənipərəstlərin Azərbaycanın üzərinə hücumları xeyli artıb, həm də çərçivəni aşıb. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Rusiya dünyanın silah bazarını ələ keçirmək niyyətindədir, o cümlədən Azərbaycana da silah satmaq məhz Rusiyanın marağındadır.

"Azərbaycanın Rusiyadan silah alması yalnız ermənilərin marağında deyil. Vaxtilə SSRİ hərbisinin yüksək simalarından olmuş Leonid İvaşov Azərbaycana silah satdığına görə indi Rusiyanı tənqid edir. Eks-prezident Dmitri Medvedevi Azərbaycana silah satdığına görə qınayırlar", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Azərbaycana silah satışına guya qadağa qoyduğuna görə Putinə "sağ ol" deyirlər. İvaşov kimilər indi Rusiyanın Azərbaycana silah satmasına embarqoya nail olsalar, bu, Azərbaycandan daha çox Rusiyanın ziyanına olacaq.

"ABŞ-dan başqa dünyanın əksər dövlətləri bizə silah satırlar. Yaxınlarda ABŞ da silah satacaqdır. O zaman Rusiyanın Azərbaycan kimi uzunmüddətli, böyük silah bazarını itirməsinin məsuliyyəti İvaşovların boynuna düşəcək. Amma bəlkə də onlar məsuliyyət daşımayacaqlar. Çünki onlara ermənilərin Avropadakı müxtəlif strukturlardan qrant cəlb etməsi Rusiyanın maraqlarının müdafiəsindən daha əzizdir. İvaşov təsadüfən Araik Sərksiyanın yanında deyil", - politoloq vurğulayıb.

O deyib ki, Rusiyanın güclənməsinin tərəfdarı rolunu oynayan İvaşov, Kolerov, Tarasov, Zaxarov, Aleksandrov, Areşev, Zatulin və s. kimiləri yalnız Ermənistanın maraqlarına xidmət edirlər.

"Əks təqdirdə başa düşərdilər ki, SSRİ-nin dağılmasında keçmiş SSRİ-dəki və ABŞ-dakı ermənilər müstəsna rol oynayıblar. 1991-ci il SSRİ-nin mövcudluğuna dair referendumu rədd edən də ermənilər oldu. Zaqafqaziyadan SSRİ qoşunlarının qovulmasının bünövrəsi də Ermənistanda qoyuldu. Rusiyanın hərbi bazası Ermənistana şantaj aləti kimi lazımdır. İrana qarşı müharibə ermənilərin,Türkiyəyə qarşı müharibə isə indi Rusiyanın marağında deyil", - Əhmədoğlu vurğulayıb.

O bildirib ki, belə olan təqdirdə İvaşov azsaylı hərbi bazanın məqsəd və təyinatı üzərində düşünsün. SSRİ-ni dağıdan,bundan qazanan ermənilər indi də köhnə əməllərini davam etdirirlər. Adıçəkilən rus familiya daşıyıcıları da bu məqsədə xidmət edirlər.

Politoloqun fikrincə, MDB məkanında inteqrasiya proseslərini dərinləşdirmək üçün rəsmi Moskva müxtəlif formalardan istifadə edir.

"MDB məkanında futbol çempionatının təşkili də bu formalardan biridir. Cənubi Qafqaz dövlətləri, o cümlədən Ermənistan siyasi səbəblərə görə MDB-nin futbol çempionatında iştirakdan imtina etdi. Yalnız ermənilərin təsiri altında olan ekspertlər inana bilərlər ki, belə Ermənistan Gömrük İttifaqına daxil olacaqdır", - Əhmədoğlu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti