...

Mübariz Əhmədoğlu: İran, İsrail, Türkiyə və Gürcüstanda “erməni soyqırımı”nın qeyd olunmasında fəallıq artıb

Siyasət Materials 3 May 2013 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/

ABŞ prezidenti Barak Obamanın "erməni soyqırımı" barədə builki müraciəti dünya erməniliyi üçün dönüş nöqtəsi oldu.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Politoloqun fikrincə, "erməni soyqırımı"nda ən vacib ritual ABŞ prezidentinin müraciətləridir. Obama ənənəni pozmadı, müraciətini etdi. Lakin yenə də "erməni soyqırımı" ifadəsini işlətmədi. Lakin çıxışda ötən illə müqayisədə başqa prinsipial dəyişikliklər də var.

Belə ki, müraciətin mətninin ümumu həcmi təxminən 11-12,5 faiz azalıb. Digər tərəfdən, Osmanlı imperiyasının tarixinə dair mətndə yumşaldılma istiqamətində iş aparılıb, "vəhşicəsinə" sözü mətndən çıxarılıb. Bundan başqa, Obama ermənilərin Amerika xalqı üçün etdiklərini ABŞ-ın geri qaytarmağa başladığını bildirib.

"Başqa sözlə, Amerikadakı ermənilər Amerika dövlətçiliyi üçün çox işlər görüblər. Lakin amerikalılar bunun qaxınc edilməsindən beziblər və onların əvəzini ermənilərə geri qaytarırlar. Bu mühüm geosiyasi, siyasi, mənəvi dönüş deməkdir", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, "erməni soyqırımı"na Türkiyənin münasibəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Türkiyə soyqırımı tanımış dövlətlərin qərarlarına yenidən baxmaq məsələsini gündəliyə gətirib. Krım parlamentinə bu mövzuda edilən müraciətdən sonra Türkiyənin Kanadadakı səfiri Kanada hökumətinin "erməni soyqırımı"nı tanımaqla bağlı qərarlarına yenidən baxmağı gündəliyə gətirib. Prezident Abdulla Gül Litvaya səfəri zamanı Baltikyanı dövlətlərə "erməni soyqırımı"nı tanımamağa, belə məsələlərdə diqqətli olmağa çağırıb.

"Son 4 ildə heç bir dövlət "erməni soyqırımı"nı tanımayıb. "Erməni soyqırımı"nın 98-ci ildönümünün qeyd olunması əvvəlki illərlə müqayisədə daha zəif baş tutub. "Soyqırım"ın ənənəvi güclü qeyd olunduğu dövlətlərdə- Rusiyada, ABŞ-da və Fransada əvvəllər olduğu kimi çoxsaylı insanların iştirakı ilə tədbirlər demək olar ki, keçirilməyib. Hətta Yerevanın özündə məşəl yürüşündə iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Digər tərəfdən, "erməni soyqırımı"nın qeyd olunmasında aktivlik cəmi 4 dövlətdə - İran, İsrail, Türkiyə və Gürcüstanda qeydə alınıb", - deyə politoloq qeyd edib.

Onun fikrincə, Gürcüstanın fəallığındakı irəliləyiş Bidzina İvanişvilinin hakimiyyətə gəlməsinin yerli erməniləri ruhlandırmasından ibarətdir. Bu ölkədəki bəzi təşkilatlar ("II İrakli" cəmiyyətinin rəhbəri A.Çikoidze) hətta Gürcüstan parlamentinin "soyqırımı" tanıması məsələsini aktiv şəkildə gündəlikdə saxlayıb. Türkiyədə "erməni soyqırımı"nın qeyd edən insan qruplarının, mərkəzlərin və ekspertlərin sayı əvvəlki illə müqayisədə daha çox olub. İsraildə aktivliyin artmasının əsas səbəbi isə ermənilərin İsraildəki fəallığa xüsusi önəm verməsi və bütün il boyu hazırlaşmaları idi. İsrailin baş naziri B.Netanyahu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğandan üzr istəməsəydi, bəlkə də ermənilər İsraildə "soyqırım"ın tanınması məsələsində daha çox uğur əldə edərdilər.

Mərkəzin direktoru hesab edir ki, İranda "erməni soyqırımı"nın qeyd olunmasında müşahidə olunan aktivlik paradoksdur. İranda "erməni soyqırımı" rəsmi olmasa da hər il mayın 25-də qeyd olunurdu. Lakin bu dəfə tarix dəyişdirilib. Bu il İran aprelin 21-dən başlayaraq "soyqırımı" qeyd edib. Aprelin 21-də Tehranda "Ararat" kompleksində iranlı deputatların və ekspertlərin iştirakı ilə ermənilər "soyqırım"ın tanınması ilə bağlı elmi-praktik konfrans keçiriblər. İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Abu Turabi Türkiyəni kəskin tənqid edən bəyanat verərək deyib ki, vaxtilə ermənilərin qanına əlini batıranlar bu gün Suriyada qan tökürlər. Aprelin 21-dən etibarən hər gün müxtəlif qrup elm və siyasət adamlarının iştirakı ilə bu cür tədbirlər keçirilib. Aprelin 24-də isə İran parlamentdə xüsusi iclas, İranın Türkiyədəki səfirliyinin qabağında izdihamlı etiraz mitinqi keçirilib.

Politoloq hesab edir ki, İranın erməni soyqırımına dəstək verməsində bir neçə cəhət diqqəti çəkir:

"İran İslam Respublikası dini dövlət olsa da, burada siyasət dinə yox, din siyasətə tabedir. Türk həmin türkdür: millətini və dinini qətiyyən dəyişməyib. Dəyişən Türkiyənin Suriyaya qarşı siyasətidir. Türkiyə hətta İrana qarşı siyasətini dəyişməyib. ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Türkiyə İranın neft və qazını hələ də alır. Bundan başqa, İranın belə hərəkətləri antitürkiyəçilik deyil, ermənipərəstlikdir. Bunu Xocalı soyqırımına İran parlamentinin ekspertlərinin, mətbu orqanlarının diqqət ayırmaması fonunda "erməni soyqırımı"na bu qədər önəm verilməsi sübut edir. Əgər İran antitürkiyəçiliklə məşğuldursa, niyə parlamentində Xocalı soyqırımı anılmadı?! Xocalı soyqırımı qurbanlarına salavat çəkməyən İran saqqallıları parlamentdə ayağa durub "erməni soyqırımı"nı andılar və uzun müzakirələr apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti