...

Səfər Əbiyev: Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika Azərbaycanın sərəncamına keçdi (FOTO)

Siyasət Materials 4 May 2013 13:31 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin yaranmasına və onun inkişafına misilsiz töhfələr vermiş ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Bu, heç də təsadüfi deyil.
Səfər Əbiyev: Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika Azərbaycanın sərəncamına keçdi (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Müstəqil Azərbaycan dövlətinin yaranmasına və onun inkişafına misilsiz töhfələr vermiş ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Bu, heç də təsadüfi deyil. Ulu öndər mənən bu gün də Azərbaycan əsgərinin yanındadır. Trend-in məlumatına görə, bunu mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq təntənəli mərasimdə müdafiə naziri general-polkovnik Səfər Əbiyev "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahli Qüvvələrinin qurucusudur" mövzusunda çıxışı zamanı deyib.

"Silahlı Qüvvələri Heydər Əliyevə bağlayan elə qırılmaz tellər var ki, əsrlər keçsə də bu bağlılığı ayırmaq mümkün olmayacaq. Ordunun inkişafında müstəsna xidmətləri olan Heydər Əliyev bizim üçün unudulmazdır. Vahid komandanlığa tabe olan Silahlı Qüvvələrin yaradılması məhz onun adı ilə bağlıdır. Peşəkar hərbiçi üçün bunun nə demək olduğunu təkrar izah etməyə gərək yoxdur. Bir anlığa 90-cı illərin əvvələrini xatırlayaq. Bütövlükdə cəmiyyətimizdə, eyni zamanda orduda hansı vəziyyətin hökm sürdüyü yaddaşlardan silinməyib. Xaos və anarxiya tüğyan edirdi. Mən indi bunun üzərində geniş dayanmaq istəmirəm. Ağır problemlərin aradan qaldırılmasında ulu öndərimizin əvəzsiz xidmətlərini bu gün hər bir Azərbaycan vətəndaşı və əsgəri böyük minnətdarlıq hissi ilə yad edir. Bu böyük şəxsiyyət müasir ordumuzun fəlsəfəsini yaratmış dahi sərkərdədir. Onun 90 illik yubileyi Müdafiə Nazirliyinin, bütün birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə geniş şəkildə qeyd olunmaqdadır", deyə nazir bildirib.

Müdafiə naziri çıxışında bildirib ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi Azərbaycanın Silahlı Qüvvələri tərəfindən dərindən öyrənilməli və hər bir zabit, general üçün onun ordu haqqında söylədiyi fikirlər, tövsiyələr əməli fəaliyyət proqramına çevrilməlidir.

"Siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış ulu öndərimiz Heydər Əliyev nəinki xalqımızın, eləcə də bütün dünya xalqlarının yaddaşında böyük dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim kimi qalacaq. Ümummilli liderimizin 90 illik yubileyində onün yüksək insani keyfiyyətlərini də qeyd etməyə bilmirəm. O həm də, sözün həqiqi mənasında nümunə götürüləcək ailə başçısı idi.
İndi bu təntənəli toplantıda Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsi də hörmət və ehtiramla yad olunmalıdır. Zərifə xanım təkcə ümumilli liderimiz Heydər Əliyev üçün sədaqətli ömür-gün yoldaşı deyildi, o eyni zamanda ağır və çətin günlərdə onun mənəvi dayağı idi. Zərifə xanımın tibb sahəsində xidmətləri unudulmazdır. O gerçəkdən böyük alim idi. Bir neçə gün öncə oftalmologiya elminin inkişafında böyük xidmətləri olan unudulmaz akademikimiz Zərifə xanım Əziz qızının 90 illik yubileyi də Azərbaycan dövləti və xalqı tərəfindən minnətdarlıq hissi ilə yad edildi.
Müasir Azərbaycan dövlətinin böyük bir tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Tam cəsarətlə deyə bilərik ki, məhz onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycan ayağa qalxaraq, iqtisadi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olmuşdur. Bu nailiyyətlər əlbəttə ki, asanlıqla əldə edilməmişdir. Heydər Əliyevin birinci hakimiyyəti dövründə xalq və dövlət həyatının bütün istiqamətlərində mühüm addımlar atıldı. Bu dövrdə milli özünüdərk prosesi yeni vüsət aldı və sürətlə inkişaf etməyə başladı. Hakimiyyətinin ikinci dövründə isə özünüdərk fəlsəfəsi daha geniş mənalar kəsb etdi. Azərbaycançılıq ideyası məhz bu prosesin tərkib hissəsi kimi prezident Heydər Əliyevin siyasi fəaliyyətinin əsasına çevrildi. Ulu öndər Azərbaycançılıq prinsipini dövlətin idarəçilik sistemində ön cərgəyə çıxardı və indi bunun böyük nəticələrini aydın görür və hiss edirik", deyə Əbiyev bildirib.

Nazirin sözlərinə görə, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Milli Ordu quruculuğu sahəsində də yeni mərhələlərin təməlini qoymuşdur.

"Xüsusilə qeyd etmək istərdim ki, ordu siyasətində onun açdığı iz bu gün cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Mən siyasi varisliyin bir parlaq cəhətini də məhz burada görürəm.
İndi qısa da olsa, gəlin birlikdə tarixə ekskursiya edək. 1971-ci ildə Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan belə bir təşəbbüsün reallaşmasının nə dərəcədə ağır olduğunu dərk etmək çətin deyildir. Heydər Əliyev bunun yarada biləcəyi siyasi problemləri də gözəl bilirdi. Buna baxmayaraq o öz ideyasından bir addım da olsun geri çəkilmədi. Hərbi liseyin təşəkkülü üzərində dayandı və ona nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Lisey onun həyatının ən böyük işi, Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biridir. Bu gün həmin hərbi liseyi bitirən yüzlərlə zabitimiz vətənin keşiyini şərəflə qoruyaraq düşmənə qarşı əzmlə mübarizə aparır. Liseyi bitirmiş neçə-neçə gənc göstərdiyi rəşadətə görə Milli Qəhrəman adına layiq görülmüşlər.
Müstəqil Azərbaycan tarixində onun gördüyü işlər təkcə bununla bitmir. Bu böyük şəxsiyyəti uca zirvələrə doğru aparan məhz onun unikal şəxsiyyət olması ilə bağlıdır. Yüksək idarəetmə səriştəsi, dərin dövlətçilik zəkası Sovetlər İttifaqı rəhbərliyinin diqqətindən kənarda qalmadı. O, 1982-ci ildə Moskvaya çağrılaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Eyni zamanda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçildi. Hər bir azərbaycanlı bununla fəxr edirdi. Bəli, dünyanın hegemon dövlətinin rəhbərliyində təmsil olunmaq heç də sıradan olan məsələ deyildi. Bunun nə qədər qürurverici olduğunu biz bu gün də yaşayırıq. Ulu öndər Moskvada olarkən də vətəni Azərbaycanı unutmurdu, onun qayğı və ehtiyaclarını həmişə diqqət mərkəzində saxlayırdı. Vətənə bağlılığı, Azərbaycanı ürəkdən sevməsi onun düşmənlərinin saynı da çoxaldırdı. Xüsusilə tarixi düşmənimiz olan ermənilərin bu işdə göstərdikləri fitnəkarlıq, şövinist meyillər və buna o zamanki Sovetlər İttifaqının rəhbərliyi tərəfindən rəvac verilməsi təsirsiz ötüşmürdü", deyə nazir vurğulayıb.

Əbiyev bildirib ki, Heydər Əliyev istefa verdikdən sonra ona təqib və təzyiqlərin arası kəsilmirdi.

"Ancaq o, irtica ilə mübarizədə qələbə çaldı. Çünki haqlı idi. Və bu da həqiqətdir ki, onun iradəsini sındırmaq mümkün deyildi. Tarix onu elə yetişdirmişdi ki, bütün siyasi fırtınalardan həmişə qalibiyyətlə çıxırdı və öz mövqeyini çəkinmədən bəyan edirdi. Biz bunun canlı nümunəsini 1990-cı ilin qanlı yanvarında bir daha yaxından hiss etdik. Heydər Əliyev bu faciənin törədilməsində günahı olanların hamısını sərt tənqid atəşinə tutdu, Moskvada, daimi nümayəndəlikdə SSRİ dövlət başçılarının mürtəce siyasətini ifşa edərək Azərbaycan xalqının başına gətirilən bu müsibəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Xalqımıza qarşı törədilən 20 yanvar faciəsindən sonra ulu öndər Kommunist Partiyasının üzvlüyündən imtina etdi.
Heydər Əliyev 1990-cı ilin iyununda Naxçıvana gəldi, Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi və onun tərəfindən dövlətçilik tariximizin ən əhəmiyyətli və parlaq bir səhifəsi yazıldı. Azərbaycanın dövlət rəmzi olan üçrəngli bayrağımız Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra ilk dəfə rəsmi olaraq Naxçıvanda qaldırıldı. Heydər Əliyevin Türkiyə Respublikası və İran İslam Respublikası ilə apardığı danışıqlar nəticəsində bölgənin enerji resurslarına olan ehtiyacı çətinliklə də olsa, qismən təmin edildi. Naxçıvan ilə Türkiyə Respublikası arasında Ümid körpüsü tikilib istifadəyə verildi. O zamankı rəhbərlik tərəfindən Azərbaycanda yaradılan daxili xaosun Naxçıvana yayılmasının qarşısı Heydər Əliyevin iradəsi ilə alındı.
Heydər Əliyev çətin və qarışıq bir dövrdə Naxçıvanda ordu quruculuğu ilə də ciddi məşğul oldu. Bu gün Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ordu korpusu da məhz ulu öndərimizin yadigarıdır. O, Muxtar Respublikanı yaranmış vəziyyətdən xilas etmək və Ermənistan tərəfindən edilən silahlı basqınlardan qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Dövlət Milli Müdafiə Komitəsi yaratmışdır ki, bu da bir il sonra əlahiddə gücləndirilmiş motoatıcı briqadanın təşkili üçün əsas baza olmuşdur.
Heydər Əliyevin apardığı düşünülmüş uzaqgörən siyasət nəticəsində əvvəllər Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına keçmiş, ölkəmizin digər bölgəsindən fərqli olaraq burada heç bir dağıntı və talanlara yol verilməmişdir", deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, lakin problemlər dərin kok salmaqda davam edirdi. Ermənistan-Azərbaycan müharibəsi bir tərəfdən, ölkə daxilində siyasi çəkişmələr digər tərəfdən Azərbaycanı böyük təhlükələr qarşısında qoyurdu. Bu fəlakətlərdən xilas olmağın yeganə yolu və qarantı yalnız Heydər Əliyev ola bilərdi. Xalqımız bunu dərindən dərk edirdi. Odur ki, 1993-cü ilin yayında Heydər Əliyev xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə dəvət edildi. O, dərhal müstəqilliyimiz üçün böyük təhlükə yaratmış separatçılıq hərəkətlərini aradan qaldırmaq üçün gərgin fəaliyyətə başladı. Azərbaycanın suverinliyini qorumaq üçün bu, xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə də Gəncə və Lənkəranda baş verən hadisələrin qarşısının alınması Heydər Əliyev üçün bir nömrəli vəzifyə çevrilmişdi. Onun böyük səyi və dövlətçilik təcrübəsi Azərbaycanı bu təhlükədən qutardı. Və bununla Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar kimi qaldı.

"Ermənistan-Azərbaycan müharibəsi, azğınlaşmış erməni işğalçılarının ərazilərimizi zəbt etmək cəhdləri Respublikamızın müstəqilliyinə ən böyük təhlükə idi. Prezident Heydər Əliyevin apardığı gərgin iş 1994-cü ilin mayında cəbhədə atəşkəs rejiminin əldə edilməsi ilə nəticələndi. Bu, o zaman Heydər Əliyev tərəfindən düşünülmüş strateji addım idi. Əgər göz önünə gətirsək ki, həmin vaxt Silahlı Qüvvələrimiz nə vəziyyətdə idi, onda Heydər Əliyevin ən doğru yol seçdiyinə bir daha inanmış olacağıq. Düşmənimizə havadarlıq edənlərin hansı rolu ifa etdiklərini də buraya əlavə etsək, həqiqətən, ulu öndərin nə qədər uzaqgörən olduğunu isbat etməyə qətiyyən ehtiyac yoxdur. Digər tərəfdən bununla xarici və daxili siyasəti dövrün tələblərinə uyğun aparmaq, ölkə iqtisadiyyatını və ordu quruculuğunu inkişaf etdirmək üçün şərait yaradıldı. Bir az da obrazlı ifadə etsəm həmin məqam Azərbaycanın nəfəs alması üçün olduqca zəruri idi.
Ulu öndər Heydər Əliyev bu çoxcəhətli işlərin hamısını paralel şəkildə aparır, balanslaşdırılmış xarici siyasət yürüdürdü. Beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması onun siyasətinin ayrılmaz tərkib hissəsi idi. Buna misal olaraq 1994-cü ildə Brüsseldə NATO ilə əməkdaşlıq üzrə çərçivə sənədlərin imzalanmasını göstərmək olar. Azərbaycanın antiterror və beynəlxalq terrorizm əleyhinə mübarizə koalisiyasına qoşulması təşəbbüsü də məhz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Beləliklə, ölkəmiz terrorizmə qarşı mübarizəyə qoşulan ilk dövlətlərdən biri olmuşdur", deyə nazir bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi düzgün xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu günbəgün artırır, Azərbaycanı dünya miqyasında tanıdırdı. Ulu öndərin müəyyən etidiyi uzaqgörən siyasətin prezident İlham Əliyev tərəfindən bacarıq və səylə yerinə yetirilməsi ölkəmizə böyük uğurlar gətirmişdir. Təməli ümummilli lider tərfindən qoyulan demokratik, sivil və hüquqi dövlət ideyası da bu gün yüksək əzmlə davam etdirilir. İri iqtisadi və hərbi layihələrin bu gün gerçəkləşməsi də məhz ulu öndərin müəyyən etdiyi siyasətə söykənir. Bünövrə onun tərəfindən qoyulmuşdur. Heydər Əliyevin böyük planları indi onun siyasi varisi prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir.

"Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi, bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olmayana qədər bu belə olacaqdır. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edir və edəcəyik.
Bu gün Ali Baş Komandanımızın prezident kimi fəaliyyətinin əsas prioriteti özünün də dəfələrlə qeyd etdiyi kimi ordu quruculuğu məsələsidir. Cənab İlham Əliyev bu prosesə böyük diqqət yetirir. Ordunun maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir texnika, avadanlıq və müasir silahlar alınır. Tez-tez hərbi hissələrə, tədris müəssisələrinə gedən, vəziyyətlə yerindəcə tanış olan, əsgər və zabitlərlə görüşən Ali Baş Komandan hərbçilərin hazırlıq səviyyəsi ilə ciddi maraqlanır, tapşırıq, əmr, göstərişlər verir. Bütün bunların nəticəsidir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev nitqlərinin birində böyük inamla demişdir: "Bu gün Azərbaycanda nizami ordu vardır, bu gün Azərbaycan ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir".

Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu təntənəli mərasimdə sözümü Ali Baş Komandanımızın son vaxtlar dönə-dönə təkrar etdiyi, böyük inamla dediyi aşağıdakı kəlamlarla bitirmək istəyirəm:

"Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Biz hər an öz doğma torpağımızı azad etməyə hazır olmalıyıq. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Biz Qələbə gününü görəcəyik... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır".

Nazir bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müqəddəs ruhu qarşısında əsgəri ehtiramla baş əyir, bu böyük, yenilməz dahi insanın ideyalarına bundan sonra da sadiq olacağımıza and içir və Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrinə hər an hazır olduğumuzu bəyan edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti