Azərbaycan, Bakı, 7 may /Trend/
Bu il mayın 5-də Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının sədri Alhac Abdul Rauf İbrahimi ilə görüşüb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan XİN-dən daxil olan məlumatda deyilir.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib.
Səfir Daşqın Şikarov Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi islahatlar, strateji layihələr, sosial proqramlar barədə məlumat verib. Daha sonra səfir Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında spikerə ətraflı məlumat verərək 2012-ci ilin mayında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Əfqanıstan Parlamentində aparılan müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəklədiyi üçün həmsöhbətinə təşəkkürünü bildirib.
Öz növbəsində, Parlamentin sədri xalqlar arasında ənənəvi dostluq əlaqələrindən danışan, Azərbaycanın Əfqanıstanda davamlı sülhün bərqərar olunmasına istiqamətlənmiş sülh prosesinə tam dəstək verməsinə görə öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın İSAF qüvvələrinin tərkibində fəaliyyət göstərməsi, İstanbul prosesində fəal iştirakı, Əfqanıstan qüvvələrinə və dövlət qurumlarına maliyyə dəstəyi bu istiqamətdə atılan addımlardandır.
Milli Assambleyanın sədri Əfqanıstan və Azərbaycan parlamentləri arasında əlaqələrinin yaradılmasının vacibliyini qeyd edib. O, Əfqanıstanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanın mövqeyini tam dəstəklədiyini vurğulayıb.
Daha sonra səfir Əfqanıstanın iqtisadiyyat naziri Abdul Hadı Arqandival ilə görüşüb. Səfir Daşqın Şikarov neft-qaz sahəsində Azərbaycanın böyük təcrübəyə malik olduğunu bildirərək, Əfqanıstan ərazisində kəşf olunan yataqların istismarında azərbaycanlı mütəxəssislərin təcrübəsindən istifadə edilməsinin faydalı olacağını vurğulayıb.
Əfqanıstana səfəri çərçivəsində səfir Kabil yaxınlığında türk tağımı nəzdində xidmət çəkən Azərbaycan sülhməramlıları ilə görüşüb. Görüş zamanı türk tağımı komandiri, general-mayor Əli Rza Kuçu Azərbaycan sülhməramlılarının xidmətini yüksək qiymətləndirərək, bölüyün qabağına qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdiklərini qeyd edib.