...

Milli Məclisdə ABŞ Konqresinin əməkdaşları ilə görüş olub

Siyasət Materials 28 May 2013 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Bu gün Milli Məclisdə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin əməkdaşları ilə görüş olub.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və ikitərəfli münasibətlər daim inkişafdadır.

Səməd Seyidov ölkələrimizin mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən söz açıb. Bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə, NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma və antiterror əməliyyatlarında həmişə ABŞ-ın yanındadır.

S.Seyidov qonaqlara xəritələr vasitəsilə Azərbaycanın geosiyasi vəziyyəti, qonşu ölkələrlə münasibətləri, ölkəmizin müstəqillik tarixi, Milli Məclisin strukturu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri vahid ailə kimi xoşbəxt yaşayırlar.

Sonra görüşdə ABŞ Konqresi nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti