...

28 May - Respublika Günü münasibətilə Türkiyənin Qars şəhərində tədbir keçirilib (FOTO)

Siyasət Materials 29 May 2013 00:31 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən Qars şəhərində yerləşən “İmperator” sarayının 350 nəfərlik ziyafət salonunda tədbir təşkil edilib.
28 May - Respublika Günü münasibətilə Türkiyənin Qars şəhərində tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən Qars şəhərində yerləşən "İmperator" sarayının 350 nəfərlik ziyafət salonunda tədbir təşkil edilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, mərasimdə Qars vilayətinin valisi Eyüp Tepe, vali müavinləri Faruk Ekiz, Ünal Coşkun ve Vedat Yılmaz, Tuğgenral Zəki Gürcan, Jandarma Alay komandiri Osman Uçar, rektor müavini Mehmet Çitil, Bələdiyyə sədrinin müavini Cahangir Umurbəy, vilayət, eləcə də şəhərin digər qurumlarının rəhbərləri və nümayəndələri, Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (ÇHP) üzvləri, İqdır ictimaiyyətinin bəzi nümayəndələri, kütləvi informasiya vasitələri, yerli ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin açılışı Azərbaycan və Türkiyənin himnləri ilə başlayıb. Daha sonra tanınmış ürək cərrahı, tibb elmləri doktoru, professor Bingür Sönmez Azərbaycanla Türkiyə arasında dost və qardaş münasibətlərindən söz açaraq Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə ürəkdən təbrik edib.

Açılış çıxışı edən baş konsul əvvəlcə qonaqları salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, müstəqilliyin əldə edilməsində xidmət göstərmiş şəxslərdən, cümhuriyyətin 23 ay yaşamasına baxmayaraq, böyük işlər həyata keçirməsindən söhbət açıb. Baş konsul, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qazanmasında türk xalqının verdiyi dəstəyin əvəzsiz olduğunu, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayıb. Sonra baş konsul Azərbaycan Respublikasının yenidən müstəqilliyinin əldə olunması, onun inkişafında ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərindən və onun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində son illər respublikada əldə olunmuş nailiyyətlər haqqında da ətraflı məlumat verib.

Çıxışına davam edən A.Süleymanov Azərbaycanın dövlət müstәqilliyini ilk tanıyan qardaş Türkiyә Cümhuriyyəti ilә münasibәtlәrin xüsusi önәm daşıdığını, Azәrbaycan və Türkiyәnin bölgədə ən mühüm qlobal enerji və nәqliyyat layihələrinin iştirakçısı və təşəbbüsçüsü olduqlarını, ümummilli liderimiz Heydәr Әliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində gerçәklәşәn Bakı-Tbilisi-Ceyhan әsas ixrac neft boru xәtti vә Bakı-Tbilisi-Әrzurum qaz boru xәttinin ölkәlәrimizi daha da sıx birlәşdirdiyini vurğulayıb. Bakı-Tbilisi-Qars dәmir yolunun çәkilişinin tamamlanmasından sonra ölkәlәrimizin imkanlarının daha da genişlәnəcəyi vә daha böyük layihә və proqramların gerçәklәşdirilmәsinә şәrait yaradacağını bildirib, dəmir yolu istifadəyə verildiyi zaman Qars şəhərində minlərlə iş yerinin açılacağı və bu layihənin Qarsa, eləcə də ətraf bölgələrə böyük fayda verəcəyini bildirib. Azәrbaycan və Türkiyә münasibәtlәrindә Qarsın müstәsna yeri olduğunu, artıq Qarsın Türkiyә ilə Azәrbaycan arasında dostluğun və qardaşlığın mәrkәzinə çevrildiyini ifadə edən baş konsul Qars şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaş şəhər olmasını xatırladaraq, bu yaxınlarda Baş konsulluğun vasitəsilə Qars şəhərinin, həmçinin Azərbaycanın Mingəçevir şəhəri ilə də qardaşlaşdığını və bununla bağlı Qars şəhər bələdiyyəsinin sədri Nevzat Bozşkuşun rəhbərliyi ilə nümayəndə heyətinin Mingəçevir şəhərinə rəsmi səfər etdiklərini qeyd edib.

A.Süleymanov 28 may - Respublika Gününün xalqımızın ən əziz milli bayramlarından biri olmasını, bu əziz gündə bizimlə birlikdə sevincimizi paylaşdıqları üçün qonaqlara öz dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Qars valisi Eyüp Tepe Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan xalqının türk xalqı ilə eyni soydan gəldiklərini, eyni mədəniyyəti daşıdıqlarını və təbii olaraq qardaş ölkə olduqlarını söyləyib. Azərbaycan xalqının tarix boyu çoxsaylı qurbanlar verməsinə baxmayaraq, öz müstəqilliyini əldə etməsini və qoruyub-saxlanmasını böyük bir tarixi nailiyyət kimi qiymətləndirib və bu yolda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və lazımi dəstəyi verməyə hazır olduqlarını vurğulayıb.

Tədbir zamanı Kars vilayətindən olan millət vəkilləri Yunus Kılıç, Ahmet Arslan və İqdır vilayətinin millət vəkili Sinan Oğan tərəfindən göndərilmiş təbrik məktublarında Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirə dəvət olunduqlarına görə öz təşəkkürlərini bildiriblər və 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik ediblər və həmin təbrik məktubları tədbirin aparıcısı tərəfindən qonaqlar qarşısında oxunub.

Çıxışlardan sonra mərasim iştirakçılarına Baş konsulluq tərəfindən təşkil olunmuş rəsmi ziyafət verilib, Azərbaycan Respublikasının müstəqilliyindən bəhs edən sənədli film nümayiş etdirilib və Azərbaycan haqqında və ulu öndər Heydər Əliyevin xarici siyasətindən bəhs edən "Diploatlas" adlı jurnal tədbir iştirakçıları arasında paylanılıb.

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikasından dəvət edilmiş Naxçıvan Dövlət Filarmoniyasının mədəniyyət xadimlərinin çıxışı olub. Filarmoniyanın musiqi qrupu müxtəlif janrlarda musiqilər ifa edib və Filarmoniyanın rəqs ansamblı Azərbaycan rəqsləri ilə tədbiri daha da canlandırıb. Qeyd edək ki, Naxçıvandan gəlmiş mədəniyyət xadimlərinin ifası iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti