Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/
Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) IV qurultayı keçirilib. Trend-in məlumatına görə, qurultayda DİP sədri Asim Mollazadə hesabatla çıxış edərək Azərbaycanın daxili və xarici siyasəti, partiyanın strateji hədəfləri, gələcək planları haqqında danışıb.
Mollazadə deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə beynəlxalq təzyiqlər başlayıb və müəyyən qüvvələr Azərbaycanın müstəqilliyinin qarşısını almağa cəhd göstəriblər: "Azərbaycan xalqının böyük faciələri torpaqlarımızın işğalı ilə başladı. Burada da məqsəd Azərbaycanı məhv etmək idi. Azərbaycana yönəlmiş bu təzyiqlərin əsas səbəbi ölkənin mədəniyyəti və dəyərləri ilə bağlı idi. Həmin dövrlərdə ölkənin gələcəyi şübhə altında olsa da, artıq bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir".
Mollazadə vətəndaş cəmiyyəti təşkilatları, gənclərin dünya ölkələrinə inteqrasiyasından da danışıb. Onun sözlərinə görə, bu amil Avropa siyasi sistemini, qanunvericiliyi mənimsəməyə imkan verəcək.
Partiya sədri deyib ki, rəhbərlik etdiyi partiya hər zaman mədəniyyət amilini önə çəkib ki, buraya idarəetmə mədəniyyəti, siyasi mədəniyyət daxildir. Mollazadə vurğulayıb ki, bu gün Azərbaycan öz dəyərlərini dünyaya nümayiş etdirərək özünə tərəfdaş qazanır və eyni zamanda özünün unikal bir xalq olduğunu dünyaya sübut edərək ölkəyə olan baxışı müsbət şəkildə formalaşdırır.
Partiya sədri, həmçinin Azərbaycan-Ermənistan problemindən də danışıb. O qeyd edib ki, hazırda danışıqlar prosesi tam pozulub. Mollazadənin fikrincə, problem yalnız sülh yolu ilə həll oluna bilər: "Bu gün ermənilər danışıqlar prosesindən imtina edirlər. Onlar "sahibləri"nin istədikləri kimi hərəkət edirlər. Təəssüflər olsun ki, bu təcavüz bəzi dövlətlər tərəfindən dəstəklənir. Ermənilərin himayədarlarını nəzərə alaraq düşünürəm ki, problem sülh yolu ilə həll olunmalıdır".
Sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilərək komissiyanın üzvləri seçilib. Asim Mollazadə partiya sədrliyinə növbəti dəfə namizəd olub və yenidən partiyanın sədri seçilib.