Azərbaycan, Bakı, 5 iyul /Trend/
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ölkə daxilində keçirdiyi müxtəlif tədbir və layihələrlə yanaşı, beynəlxalq əlaqələrin qurulmasına da böyük önəm verir. Bu mənada Birlik mütəmadi olaraq xarici səfərlər təşkil edir, həm xaricdə, həm də Gənclər Birliyi ofisində işgüzar görüşlər keçirir.
Növbəti görüş də Yeni Azərbaycan Partiyasının yüksək nüfuzundan irəli gələn bir görüşdür. Azərbaycanda səfərdə olan "Beynəlxalq Gənc Siyasətçilər Məktəbi"nin iştirakçıları YAP Gənclər Birliyinin fəaliyyəti ilə maraqlanmaq, gələcək əməkdaşlıqlar üçün əlaqələr qurmaq məqsədi ilə Gənclər Birliyinin qonağı olmuşlar.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Herseqovina, Moldova ölkələrinin gənc fəallarının qatıldığı görüşdə partiyanın aktiv gəncləri iştirak etmişdir.
Görüşdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilmiş, Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyi haqqında qonaqlara geniş informasiya verilmişdir.
AGAT sədri Gülsel Səfərova əsas təşkilatçı qismində qonaqları partiya gənclərinə təqdim etmişdir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlamış, ölkəmiz və partiya haqqında, partiyanın Gənclər Qollarının həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermişdir.
Sonra qonaqların partiya, dövlətin həyata keçirdiyi siyasətlə bağlı ünvanladıqları suallar ətraflı cavablandırılmışdır.
Sonda qonaqlar YAP Gənclər Birliyi ofisinin fəaliyyəti ilə tanış olmuşdur.