...

Müraciətlər dövlətlə vətəndaş arasında etibarlı ünsiyyət körpüsüdür

Siyasət Materials 11 İyul 2013 21:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev respublikada keçirilən bütün tədbirlərdə Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılmasını, bu məqsədlə onların problemlərinin həll edilməsini dövlət orqanlarının vacib vəzifəsi kimi irəli sürür.
Müraciətlər dövlətlə vətəndaş arasında etibarlı ünsiyyət körpüsüdür

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev respublikada keçirilən bütün tədbirlərdə Azərbaycan vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdırılmasını, bu məqsədlə onların problemlərinin həll edilməsini dövlət orqanlarının vacib vəzifəsi kimi irəli sürür. Hazırda respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin müxtəlif regionlarda keçirdikləri qəbullar ictimaiyyət tərəfindən müsbət qarşılanır. Azərbaycan Prezidentinin tapşırığı ilə keçirilən bu qəbullar bir daha vətəndaşların müraciətlərinə hər yerdə böyük diqqət yetirilməsinə təkan verir.

AzərTAc Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə daha ətraflı məlumat verməsini xahiş edib. S.İsmayılov deyib:

- Dövlət orqanlarının xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə diqqət mərkəzində olmuşdur və dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq onlara diqqət gündən-günə artırılır. Danılmaz bir həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır. Burada əsas prinsip ondan ibarətdir ki, əgər vətəndaş özünün həll edə bilmədiyi məsələlər barəsində dövlət orqanlarına müraciət edirsə, ilk növbədə, bunun yaranma səbəbləri araşdırılıb aradan qaldırılmalıdır. Ən başlıcası isə budur ki, əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, onun üçün lazımi şərait yaratmaq artıq dövlət orqanlarının fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir.

Vətəndaş dövlətdən ilk növbədə nə istəyir? Təbiidir ki, sabitlik və əmin-amanlığın olmasını, özünün və ailəsinin dinc, rahat şəraitdə yaşamasını, maddi güzəranının, yaşadığı kəndin, qəsəbənin və şəhərin abadlığının təmin edilməsini, yolların, müasir məktəb və xəstəxanaların, digər infrastruktur obyektlərinin yüksək standartlar səviyyəsində fəaliyyət göstərməsini, dünyada mövcud olan qabaqcıl texnologiyaların hər bir sahədə tətbiq olunmasını, bir sözlə, ölkəmizdə insanların həyat səviyyəsinin qabaqcıl ölkələrdəki səviyyəyə uyğunlaşdırılmasını istəyir.

Ölkəmizin iqtisadi qüdrəti imkan verir ki, bütövlükdə cəmiyyəti narahat edən məsələlər əsaslı surətdə həll olunsun. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin birinci yarısında da Azərbaycanın yüksək templərlə inkişafı davam etmiş, iqtisadi, sosial, elmi-texniki, müdafiə və digər sahələrdə nailiyyətlərimiz qat-qat artmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il iyulun 1-də Şirvan şəhərində yeni "Cənub" elektrik stansiyasının, həmçinin digər hərbi sənaye və idman obyektlərinin açılışında iştirakı zamanı qeyd etdiyi kimi, "Azərbaycanın inkişafı dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 ildə özünü daha da çox göstərmişdir... Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır... Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam vardır, Azərbaycan vətəndaşları gələcəkdə onları daha gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar".

Bu nailiyyətlər haqqında olduqca geniş danışmaq, saysız-hesabsız faktlar gətirmək mümkündür. Lakin bütün nailiyyətlərin arxasında ilk növbədə insan amilinin dayandığını nəzərə alsaq, qeyd etməliyik ki, bu baxımdan hər gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublika vətəndaşlarından daxil olan yüzlərlə müraciətdə insanların nədən söhbət açdığını, onları hansı problemlərin düşündürdüyünü öyrənmək çox vacibdir.

Müraciətlərdə ilk növbədə ölkə rəhbərliyinin Azərbaycan vətəndaşlarının bu günü və gələcəyi naminə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin vüsətindən, kənd və qəsəbələrdə aparılan böyük tikinti və abadlıq işlərindən, yeni iş yerlərinin yaradılmasından, gənc nəslin təlim-tərbiyəsinin yaxşılaşdırılmasında mühüm rol oynayan və müasir tələblərə cavab verən təhsil ocaqlarının tikilib istifadəyə verilməsindən razılıq hissləri ifadə olunur və cənab Prezidentin gördüyü genişmiqyaslı xeyirxah işlər olduqca yüksək qiymətləndirilir.

2013-cü ilin əvvəlindən vətəndaşlardan yüzlərlə minnətdarlıq məktubu daxil olmuşdur. Bu məktublarda respublika əhalisinin ən müxtəlif kateqoriyalarını təmsil edən insanlar Azərbaycan Prezidentinin müxtəlif məsələlər, o cümlədən yeni sosial obyektlərin tikilməsi, yolların salınması, tarix və mədəniyyət abidələrinin bərpası, şəhər və kəndlərimizə, yeni qəsəbə və məhəllələrə qaz və su xətlərinin çəkilməsi, Azərbaycanın artıq əsl idman ölkəsinə çevrilməsi və ən müasir idman obyektlərinin tikilməsi üçün vəsait ayrılması barədə sərəncamlarına, keçirilən mötəbər beynəlxalq tədbirlərdə ölkəmizin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına, Azərbaycanın gələcəkdə iqtisadi baxımdan daha da güclənməsinə və sürətli inkişafına təkan verən böyük layihələrin həyata keçirilməsi üçün görülən işlərə görə minnətdarlıq bildirirlər. Eyni zamanda, vətəndaşlar əvvəlki müraciətlərində qaldırdıqları məsələlərin müsbət həll olunmasına görə minnətdarlıq etməyi də unutmurlar.

Dövlətimizin başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanan müraciətlərin bir qismi bu il iyunun 26-da keçirilən və Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirən hərbi paradla əlaqədardır. Bu əzəmətli paradı qürurla seyr edən respublika vətəndaşları, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz sevinclərini fəxrlə bölüşür, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə dərin inamlarını ifadə edirlər.

Ümumiyyətlə, vətəndaşlarımızın böyük əksəriyyəti ölkə rəhbərinin xarici siyasətini, onun həyata keçirdiyi uğurlu neft strategiyasını, işğalçı Ermənistanın təcrid olunduğu Bakı-Tbilisi-Qars dəmir yolu kimi genişmiqyaslı nəqliyyat və digər layihələri yüksək qiymətləndirir, xüsusilə bu ilin fevralında imzalanmış və Azərbaycan Prezidentinin iyun ayında Belçikanın paytaxtı Brüsselə səfəri zamanı Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilən TAP layihəsinin gələcəkdə Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirəcəyinə, Avropa İttifaqında respublikamızın nüfuzunu daha da artıracağına inandıqlarını bildirirlər.

Son 10 il ərzində qəbul olunmuş dövlət proqramlarının nəticələri də göz qabağındadır. Bunlardan məktəb binalarının tikintisi proqramını qeyd etmək olar. Bu proqramın uğurla həyata keçirilməsi nəticəsində Bakı şəhərində və regionlarda 2500-ə yaxın məktəb binası tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir olunmuşdur və bu proses uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələləri həmişə diqqət mərkəzində saxladığına görə vətəndaşlar ona minnətdarlıq edir, xüsusilə dövlətimizin başçısının respublikada təmirsiz bircə məktəbin də qalmaması barədə dediyi fikirləri yüksək qiymətləndirirlər.

Vətəndaşların problemlərinin həllinə göstərilən qayğı və diqqətin nəticəsidir ki, keçən ilin müvafiq dövrünə nisbətən bu ilin birinci yarısında müraciətlərin, o cümlədən şikayətlərin sayı xeyli azalmışdır. Müsbət cəhətlərdən biri də budur ki, vətəndaşlar öz müraciətlərində şəxsi problemlərindən daha çox ictimai məsələləri qabardır, bütövlükdə insanları düşündürən problemlərdən, yaşadığı kəndin və qəsəbənin inkişafına aid məsələlərdən bəhs etməyi üstün tutur və onların həlli yollarını göstərməyi özlərinə borc bilirlər. Bu baxımdan vətəndaşlardan ən müxtəlif məsələlər barədə daxil olmuş təkliflərin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır və bildirməliyik ki, bütün təkliflər diqqətlə öyrənilir, onların reallaşdırılması üçün lazımi tədbirlər görülür.

2013-cü ilin ötən dövrü ərzində bir çox məsələlər, o cümlədən özəlləşdirilmiş müəssisələrin fəaliyyəti və həmin müəssisələrin payçılarına dividendlərin ödənilməsi, şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti, su təchizatı, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, kənd təsərrüfatı, təhsil, səhiyyə, sosial müdafiə, orduya çağırış, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər barədə şikayətlərin sayı daha çox azalmışdır.

Şikayətlərin bütövlükdə azaldığı şəhər və rayonlardan Şəki, Daşkəsən, Füzuli, Laçın, Şuşa, Tərtər, Tovuz, Yardımlı və Bakının Qaradağ, Xətai, Sabunçu, Suraxanı rayonlarını göstərmək olar. Bəzi məsələlərlə bağlı artan ərizələrin təhlili göstərir ki, həmin ərizələrdə insanların təsərrüfat fəaliyyəti ilə məşğul olması məqsədi ilə sahibkarlara daha çox güzəştli kreditlər verilməsi, respublikada yetişdirilən kənd təsərrüfatı və istehsal edilən sənaye məhsullarının ixracına dəstəyin gücləndirilməsi və s. xahiş olunur.

Azərbaycan Prezidenti həmişə vətəndaşların arzu və istəklərinə diqqətlə yanaşır, onların rəyini öyrənir, narahatlıq doğuran problemlərin həlli üçün qəti qərarlar qəbul edir, dövlət məmurlarından vətəndaşların problemlərinin həllinə daha böyük diqqət göstərməyi qətiyyətlə tələb edir.

Bu ilin əvvəlindən başlayaraq Azərbaycan Prezidentinin tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin respublikanın bütün bölgələrində keçirdikləri çoxsaylı qəbullar buna əyani misal ola bilər. Təkcə aprel, may və iyun aylarında respublikanın 32 şəhər və rayonunda keçirilmiş qəbullarda bütövlükdə 58 şəhər və rayonun 4 mindən çox sakini rəhbər vəzifəli şəxslər tərəfindən qəbul olunmuş, yerlərdə yaranmış problemlər operativ həll edilmiş, bir çox məsələlər öz həllini tapmışdır. Məsələn, may ayında keçirilmiş qəbullarda 1000-dən artıq vətəndaşın müraciətinə baxılmış, həmin vətəndaşların müraciətlərində bilavasitə qəbulu aparmış vəzifəli şəxslərin səlahiyyətinə aid məsələlər yerində həll edilmiş, müraciətlərin bir qismi isə baxılıb tədbir görülmək üçün əlaqədar dövlət orqanlarına göndərilmişdir.

Bu qəbullar artıq müntəzəm hal almışdır və bundan sonra da davam etdiriləcək, onlara daha mütəmadi, daha işgüzar xarakter veriləcək, hər bir dövlət orqanının rəhbəri cavabdeh olduğu sahədə problemlərin yaranma səbəblərinin aradan qaldırılması üçün təsirli tədbirlər görəcəkdir. Prezident Administrasiyasına daxil olan çoxsaylı müraciətlərdə vətəndaşlarla ünsiyyətin bu forması müsbət qiymətləndirilir və yerlərdə keçirilən bu qəbullarda iştirak edənlərin sayı onların yaxşı nəticə verdiyini göstərir.

Azərbaycan Prezidenti yerlərdə keçirilən qəbulların işgüzar xarakter daşımasını, yerlərdə verilmiş hər bir təklif və xahişin nəzərə alınmasını, yaranmış problemlərin həlli üçün əsaslı tədbirlər görülməsini əsas tələblərdən biri kimi qarşıya qoyur.

Vətəndaşların problemlərinin həlli üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən keçirilən səyyar qəbullardan başqa yerli icra hakimiyyəti orqanları rəhbərlərinin hər bir qəsəbədə, hər bir kənddə və məhəllədə keçirdikləri qəbulları və görüşləri, həmçinin Azərbaycan Prezidentinin rəsmi saytı vasitəsilə vətəndaşların elektron formada qəbula yazılması, bir çox nazirliklərdə, rayon və şəhər icra hakimiyyəti orqanlarında vətəndaşların videoqəbulunun təşkil edilməsi, qaynar xətt telefonlarının qoyulması və bu barədə ictimaiyyətin məlumatlandırılması dövlət orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli formalarının tətbiqinə imkan verir.

Yeri gəlmişkən qeyd etməliyik ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə keçirdikləri qəbulların və sistemli şəkildə həyata keçirilən digər tədbirlərin, o cümlədən müraciətlərə vaxtında cavab verilməsinin nəticəsi olaraq son aylarda Prezident Administrasiyasının struktur bölmələrinin, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbuluna yazılmaq istəyən şəxslərin sayı 30 faizədək azalmışdır.

Heç kəs şübhə etməməlidir ki, Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxılmasının daha da yaxşılaşdırılmasının təşkili həmişə olduğu kimi, bundan sonra da ümdə məsələlərdən biri olaraq qalacaq, respublikanın bütün dövlət orqanlarında bu işə diqqət artırılacaq.

Azərbaycan xalqının rəyini ifadə edən Yeni Azərbaycan Partiyası, respublikanın bir çox ictimai-siyasi təşkilatları və digər qurumlar ölkə Prezidentinə olan inam və etimadlarını nümayiş etdirərək böyük siyasi lider İlham Əliyevi növbəti prezident seçkilərində ən layiqli namizəd kimi irəli sürmüşlər. İnanırıq ki, xalqımız hər bir azərbaycanlının böyük ümid bəslədiyi İlham Əliyevə yekdilliklə səs verməklə müstəqil siyasətə, ləyaqətli siyasətə, heç kimin qarşısında baş əyməmək siyasətinə, nəyin bahasına olursa-olsun müstəqilliyimizi qorumaq siyasətinə, bir sözlə, Azərbaycanın uğurlu inkişafına səs verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti