...

Azərbaycanda artıq 4 nəfərin prezidentliyə namizədliyi təsdiq edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Avqust 2013 16:13 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib.
Azərbaycanda artıq 4 nəfərin prezidentliyə namizədliyi təsdiq edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiq edilib. Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bundan əlavə, iclasda MSK-nın 12 avqust 2013-cü il tarixli protokolu təsdiq edilib.

M.Pənahov bildirib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc (öz təşəbbüsü ilə) prezidentliyə namizədliyini irəli sürülməsi üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

MSK iclasında həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Qeyd edək ki, prezidentliyə doqquz namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay) prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti