...

Qaxda Heydər Əliyev Mərkəzinin açılışı olub (FOTO)

Siyasət Materials 17 Avqust 2013 00:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Qaxda Heydər Əliyev Mərkəzinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünmüşdür. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur.

Prezident İlham Əliyev zalda Qax rayonunun elektron xəritəsinə, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələrə baxdı.

Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ingilis, yapon və rus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.

Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti