Azərbaycan, Bakı, 17 avqust /Trend /
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində "Tumurcuq" uşaq bağçasının açılışında iştirak etmişdir.
Hazırda uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala rayonundakı "Tumurcuq" uşaq bağçası da Fondun dəstəyi ilə inşa edilmişdir.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən ilin mayında başlanılmışdır. Bağçanın ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə qazanxana inşa olunmuşdur. Burada yanğın əleyhinə xüsusi sistem, təhlükəsizlik kameraları quraşdırılmışdır.
Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülmüş, xüsusi istirahət guşələri yaradılmışdır. Binanın və ərazinin işıqlandırma sistemi müasir səviyyədə qurulmuşdur.
Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirdi.
.