...

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınanların sayı 3-ə çatdı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Sentyabr 2013 16:19 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüş Zahid Orucun namizədliyi qeydə alınıb.
Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınanların sayı 3-ə çatdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürmüş Zahid Orucun namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Z.Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

M.Pənahov bildirib ki, namizədliyi təsdiq olunmuş 10 nəfərin qeydiyyatı üçün təqdim olunan sənədlər MSK-nın işçi qrupu tərəfindən araşdırılır.

MSK-nın işçi qrupunun sədri İlham Məmmədov məlumat verərək qeyd edib ki, təqdim olunmuş səndlərin çox hissəsi artıq yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, Fuad Əliyevin, Qüdrət Həsənquliyevin, Hafiz Hacıyevin sənədlərinin yoxlanması demək olar ki, başa çatıb: "Araz Əlizadənin sənədlərinin yoxlanması yekunlaşmaq üzrədir. Yaxın iki gün ərzində sənədlərin yoxlanması başa çatacaq".

Beynəlxalq müşahidəçilər də daxil olmaqla ölkə üzrə müşahidə üçün 1886, konkret dairə üzrə isə 5704 müraciət daxil olub və hamısı da müsbət cavablandırılıb.

Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Artıq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarına qədər 21 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti