...

MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupu teledebatlarda prezidentliyə namizədlər arasında baş verən münaqişəyə münasibət bildirib

Siyasət Materials 21 Sentyabr 2013 12:33 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclası olub.
MSK nəzdində fəaliyyət göstərən Mətbuat Qrupu teledebatlarda prezidentliyə namizədlər arasında baş verən münaqişəyə münasibət bildirib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclası olub.

Trend xəbər verir ki, MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə qrupun münasibət bildirilməsinin vacibliyini vurğulayıb.

Azər Tağıyev bildirib ki, İctimai Televiziyadakı teledebatlarda prezientliyə namizədlər arasında baş verən münaqişə zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib. Onun fikrincə, namizədlər tərəfindən yol verilən bu hərəkətlər, seçki məsələsinə aid olmayan məqamların - ailə məsələlərinin qabardılması yolverilməz hesab edilir.

İclasda İctimai Televiziyanın departament rəhbəri Mehparə Quliyeva çıxış edərək namizədləri debat mədəniyyətinə əməl etməyə çağırıb. O qedy edib ki, təmsil etdiyi qurum belə hərəkətləri pisləyir.

MSK üzvü Fuad Cavadov isə bildirib ki, prezidentliyə namizədlərin əməllərindən Seçki Məcəlləsinin müddəaları əsas gətirilərək MSK-ya müraciət edilməlidir. Onun fikrincə, teledeatlarda ailə məsələlərinin müzakirəyə çıxarılması milli mentalitetə uyğun deyil: "Ümumiyyətlə, orada bəzi namizədlər tərəfindən səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq imicinə xələl gətirir. Söz azadlığı olsa da, belə hallar yolverilməzdir".

MSK Katibliyinin əməkdaşı Azər Sarıyevin sözlərinə görə isə namizədlər efir vaxtının İctimai Televiziya tərəfindən deyil, MSK tərəfindən ayrıldığını bilməlidirlər. Onun fikrincə, bu məsələyə MSK-nin münasibət bildirməsi daha doğru olardı.

MSK-nın digər üzvü Almaz Qəhrəmanlı deyib ki, debatda bu cür xoşagəlməz halların yaranmasının səbəblərini doğuran hallar mütləq araşdırılmalıdır.

Mövzu ilə bağlı aparılan müzakirələrin yekunu olaraq, Mətbuat Qrupu prezidentliyə namizədləri belə hərəkətlərə yol verməməyə çağırıb və qərara alınıb ki, debatda baş verənlərə MSK tərəfindən hüquqi qiymət verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti